Ersan Sarıkahya: “Telaferdə sünni-şiə qarşıdurması yoxdur, bu, gerçək bir türk qətliamıdır”
- 16.06.2014, 17:45,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Türkməneli” televiziyasının Ankara təmsilçisi Ersan Sarıkahyanın APA TV-yə müsahibəsi
- Telaferdə son durum necədir?
- Vəziyyət heç ürəkaçan deyil. Söhbət 500 min türk əsilli əhalisi olan şəhərdən gedir. Bu gün İŞİD şəhərə güclü ziyan vurub, ölənlərin sayı bəlli deyil. Şəhər əhalisinin 50 faizdən çoxu köçə məcbur edilib. Onlar həm kürd bölgəsinə, həm də Suriya sərhədinə qaçıblar. Telaferdə hökumətin heç bir rəsmi nümayəndəsi yoxdur. Mosul tamamilə iflas edib. Xarici ölkələrdən heç bir şəkildə dəstək yoxdur. Qonşu ölkələrin heç biri türkmənləri təxliyə etməyə nə bir təyyarə göndərib, nə yaralıların müalicəsi üçün qapı açıb. Hazırda türkmənlər silahsızdır, Allahdan başqa sahibləri yoxdur. Bu hadisələr təkcə Telaferdə baş vermir. Tuzhurmatı, Yengicə, Kərkük də daxil olmaqla bir çox türkmən bölgəsi işğal altındadır. Dünya birliyi buna səssiz qalır. İraq Türkmən Cəbhəsinin rəhbəri Ərşad Salihi dünən və bu gün bəyanat verib. Bəyanatda deyilir ki, hər kəs silah alıb evində saxlasın. Çünki dövlət yoxdur, hər kəs özü-özünə sahib çıxmalı, evindən ayrılmamalıdır.
- Telafer hazırda İŞİD-in tam işğalı altındadır?
- Mosul və Telafer hazırda tamamilə İŞİD-in nəzarətinə keçib. Burada nə İraq qoşunları var, nə peşmərgələr, nə də başqa silahlı qüvvələr. Ərazi tamamilə İŞİD-ə təslim olmuş vəziyyətdədir.
- Ölənlərin təxmini sayı nə qədərdir?
- Bu barədə tam olaraq məlumat yoxdur, amma söhbət təxminən 5 min şəhiddən gedir. Burada baş verənləri şiə və sünnilər arasında məzhəb qırğını kimi təqdim etməyə çalışırlar, amma bu, bir türk qətliamıdır. Çünki Telaferdə həm sünnilər, həm də şiələr bir yerdə yaşayır, bir-biri ilə qohumdur. Xarici güclər baş verənləri məzhəb qarşıdurması kimi göstərmək istəsələr də, bu gerçək bir türk qətliamıdır.
- İŞİD öldürdüyü insanları məzhəbinə görə ayırır?
- Ölənlər həm sünnilərdir, həm də şiələr. Bunu media o şəkildə çatdırır. Ancaq belə iddiaların həqiqətlə heç bir əlaqəsi yoxdur. Mənim anam şiədir, atam sünnidir. Bu məsələdə məzhəb qırğınından söz gedə bilməz. Bölgədə türk varlığını tamamilə yox etməyə çalışırlar. Hazırda Telaferdə nə bir rəsmi qurum, nə polis, nə də əsgər var. 3 iraqlı general ağır silahları ilə birlikdə peşmərgəyə təslim olub. Nəinki polis, həmçinin Silahlı Qüvvələrin Baş Qərargah rəisi də silahlarını təslim edərək qaçıblar. İnternetdə, sosial şəbəkələrdə bunu təsdiqləyən videolar var.
- Hazırda türkmənlərə kim liderlik edir? Ümumiyyətlə, türkmənlər İŞİD-in əlindən necə can qurtarırlar?
- Bizim Ərşad Salihi adlı bir liderimiz var. O İraq Türkmən Cəbhəsinin rəhbəridir. Türkmənlər silahla o qədər işi olan bir toplum deyil. Lakin başqanımız məcburən bir təlimat verib. Deyib ki, hər kəs evində silah saxlamalı, öz müdafiəsini özü etməlidir, heç kəsə güvənməməlidir. Bildirib ki, şərtlər ağır olmadığı müddətdə evinizdə qalın, vəziyyət ağırlaşarsa, evinizi tərk edib gedin. Məsələn, indi Telaferdəki insanların bir çoxu evini tərk etmək məcburiyyətindədir.
- Onlar hara gedirlər?
- Sağ tərəfdə kürt bölgəsi var. Oraya və Aşağı Kərkükə gedənlər çox oldu. Bir də Birləşmiş Millətlər Təşkilatı qaçqın düşərgəsi açıb, orada çadırlar qurub. Həmin düşərgəyə çatan bilən, çatır, çata bilməyən yolda ölür.
- Türkiyənin sərhədləri türkmən qaçqınların üzünə açması ehtimalı nə qədərdir?
- Türkiyəyə məsafə bir az uzaqdır. İŞİD Suriyaya yaxın və Suriya ilə bağlılığı olan bir qruplaşma olduğu üçün türkmənlər Türkiyəyə qaçmaqdan qorxdu. Çünki yolda İŞİD-in nəzarətində olan kritik nöqtələr var. Ən yaxın tərəf kürd bölgəsi olduğu üçün oraya keçmək məcburiyyətində qaldılar. Yoxsa əlbəttə ki, Türkiyəyə getməyi üstün tutardılar. Amma oraya getmək üçün qruplaşmanın nəzarətində olan ərazilərdən keçməli idilər. Buna görə də türkmənlər kürd tərəfinə - ya BMT-nin düşərgəsinə, ya da Kərkükə axın etdilər.
- İraq Türkmən Cəbhəsi Türkiyə və ya başqa ölkələrə dəstəklə bağlı müraciət edibmi?
- Bildiyimə görə, Türkiyə Xarici İşlər Nazirliyi Mosulda girov götürülən baş konsul və 45-ə yaxın diplomatik nümayəndəni, eyni zamanda türk sürücüləri azad etmək üçün müraciət ediblər. Bu, yüksək səviyyəli təmasdır. Artıq bölgədə türk kəşfiyyat təyyarələri uçuşlara başlayıb. Biz bu uçuşları Zaho tərəfdən açıq-aydın görürük. görürük. Türkiyə Mosula nəzarət etmək üçün təyyarələr qaldırıb. Oradakı kəşfiyyat təyyarələri bölgə ilə bağlı hesabat hazırlayır.
- Yəni türkmənlərə konkret bir yardım yoxdur?
- Hələlik heç bir hərbi müdaxilə təşəbbüsü edilməyib. Bizdə olan məlumata görə, 500-ə yaxın xüsusi təyinatlılar hazır vəziyyətdə saxlanılır. Bunun xaricində, türk əsgəri bölgəyə heç bir müdaxilə etməyib. Açığı, türkmənlər ən çox köməyə möhtac duyduğu vaxtda tək qalıblar.
- Kərkükdə vəziyyətdə necədir?
- Kərkükə gedən bütün yollar kəsilib. Mənim anam indi Bağdaddadır. Oradan Kərkükə gələ bilmir. Çünki İŞİD yolu kəsib. Sünni bölgələrində yolu kəsdikləri üçün Kərkükə yol yoxdur. Heç bir nəqliyyat işləmir. Kərkükün ətrafı tamamilə boşdur, Tuzhurmatıda bir nəfər belə tapa bilməzsiniz. Tuzhurmatı şiələrin çox olduğu bir yer idi, amma indi heç kəs yoxdur. Hamı Kərkükə qaçıb. Kərkük də o qədər təhlükəsiz bir yer deyil.
- İŞİD Kərkükə təxminən nə qədər yaxınlaşıb?
- İŞİD Kərkükdən təxminən 50 kilometr uzaqda, Riyaz kəndinin içindədir. İşin ən pis tərəfi Kərküklə əlaqənin kəsilməsidir. Elektrik, internet yoxdur. Telefon çox çətinliklə tutur. Bundan başqa heç bir şəkildə çölə çıxmaq mümkün deyil.
- Bəs peşmərgələrin türkmənlərə bir yardımı oldumu?
- Əsgərlər tamamilə geri çəkilib. Peşmərgələr isə sərhəd bölgələrində, Kərkükün ətrafındadırlar. İŞİD-ə qarşı bir mövqeləri var. Aldığımız məlumata görə, peşmərgə İŞİD-i təhdid edib. Əgər Kərkükə müdaxilə olunarsa, qarşılıq verəcək. Amma açığı, bunun nə dərəcədə doğru və ya yanlış olduğunu bilmirik. Amma bizim İraq Türkmən Cəbhəsinin başqanı Bağdaddan çıxaraq, Kərkükə gəlib, hazırda Kərkükdə öz ofisindədir və düşmənə qarşı kərküklülərlə birlikdə yer alıb.
- Şəhidlərin taleyi məlumdur, bəs, yaralıların aqibəti necə olur?
- Kərkükdə düz-əməlli həkim qalmayıb. Terror təşkilatı hamısını qaçırıb. Bizim istəyimiz budur ki, heç bir yaralımız olmasın. Qoy şəhid olsun, çünki o zaman Allaha sığınmış olur, Tanrı yuxarıda ona köməklik edər. Burada yaralı ölüdən daha pis vəziyyətdədir. Həkim, dərman, heç nə yoxdur. Xəstəxanalar pis gündədir, bir ucdan dolub-boşalır. Hər dəqiqə bir parlayış, bombalama baş verir. Biz türkmənlərin bəxti neftimizdən də qaradır.