Ermənistan nümayəndə heyəti Azərbaycana ATƏT-in Minsk Qrupundan imtina etməyi təklif edib
- 16.06.2014, 17:47,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda keçirilən NATO Parlament Assambleyasının “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” adlı 86-cı “Rose-Roth” seminarında iştirak edən Ermənistan nümayəndə heyəti Azərbaycana ATƏT-in Minsk Qrupunun fəaliyyətindən imtina etməyi və “xalq diplomatiyası”nı yenidən başlamağı təklif edib.
APA-nın məlumatına görə, Regional Araşdırmalar Mərkəzinin (Ermənistan) direktoru Riçard Qiraqosyan bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli görünmür.
O qeyd edib ki, 20 ildir atəşkəs rejiminin davam etməsinə baxmayaraq, heç bir irəliləyiş əldə olunmayıb: “Tərəflər bir-birindən uzaqdır. ATƏT-in Minsk Qrupu daha çox Minskdir, nəinki qrup. Çünki qrup kimi özünü doğrulda bilmədi, münaqişənin həlli üçün bu format özünü doğrultmadı. Minsk Qrupunun işi konfliktin həlli yox, idarə olunmasıdır. Bundan imtina etmək lazımdır”.
Ermənistan nümayəndə heyətinin üzvü bildirib ki, həm Ermənistan, həm də Azərbaycan Rusiya tərəfindən silahla təchiz olunur: “Ona görə də hazırda Qarabağ ciddi təhlükə mənbəyidir. Vaxtın heç kimin lehinə işləmir. Bu münaqişədə nə qalib var, nə də məğlub”. R.Qiraqoiyan qeyri-rəsmi danışıqların, “xalq diplomatiyası”nın işə salınmasını təklif edib və bildirib ki, yalnız bunun sayəsində ortaq məxrəcə gəlmək olar.
Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, birinci vitse-spiker Ziyafət Əsgərov isə buna cavab olaraq bildirib ki, “xalq diplomatiyası” sınağı artıq bir dəfə olub: “İstər Ermənistandan, istərsə də Azərbaycandan ziyalılar qarşılıqlı səfərlər etdilər, iki ölkənin parlamentləri arasında dialoq da oldu. Amma heç bir nəticə olmadı. Mən sizdən soruşuram, cənab Qiraqosyan, sizə elə gəlmir ki, nəticə prinsiplər fərqli olduğuna görə olmadı? Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkmirsə, ortaq prinsiplər yoxdursa, hansı “xalq diplomatiyası”ndan söhbət gedə bilər?”
R.Qiraqosyan Z.Əsgərovun sualına cavab verməyərək, susqunluq nümayiş etdirib.