Elmar Məmmədyarov “Eurovision-2013” müsabiqəsində Azərbaycandan Rusiya təmsilçisinə verilən səslərin sayını açıqlayıb

Elmar Məmmədyarov “Eurovision-2013” müsabiqəsində Azərbaycandan Rusiya təmsilçisinə verilən səslərin sayını açıqlayıb “Eurovision” müsabiqəsində Azərbaycanın verdiyi qiymətlər açıqlandıqdan sonra biz demək olar ki, şok keçirdik”. APA-nın məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada keçirdiyi brifinqdə Azərbaycan vətəndaşlarının Rusiya təmsilçisinə verdiyi səslərin itməsi faktına belə münasibət bildirib.



Onun sözlərinə görə, Avropa Yayım Birliyinin tərəfdaşı olan İctimai Televiziya müsabiqədən bir gün sonra müvafiq araşdırmalara başlayıb.



“Hüquqi prosedura uyğun olaraq İctimai Televiziya məhkəməyə müraciət edərək SMS səsverməsinin nəticələrini əldə etmək istəyib. Məhkəmə bu tələbi təmin edib. İTV sorğu keçirib və məlum olub ki, Rusiyaya çoxlu səs verilib. Məhkəmənin qərarından sonra səsvermənin nəticələri İTV-yə təqdim olunub. Bu məlumatlara əsasən, “Azercell” abonentləri Ukrayna təmsilçisinə 7893 səs veriblər, ikinci yerdə Rusiya təmsilçisi gəlir – 1677 səs. “Bakcell” abonentləri Ukraynaya 408, Rusiyaya 380 səs veriblər. “Nar Mobile” abonentləri Ukrayna təmsilçisinə 193, Rusiya təmsilçisinə 112 səs veriblər. Bu səslər necə olub və necə yoxa çıxıblar? Bunu bizim İctimai Televiziya aydınlaşdıracaq. Lakin bu, bir faktdır. Azərbaycan vətəndaşlarının Rusiya təmsilçisinə verdiyi səslərin hara yoxa çıxdığını araşdırmaq və bu məsələyə aydınlıq gətirmək vacibdir”.



Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə öz növbəsində bildirib ki, Rusiya və Azərbaycan bu qıcıqlandırıcı aksiyanın cavabsız qalmaması üçün birgə fəaliyyəti koordinasiya edir: “İştirakçımızın 10 balının oğurlanması bu tədbirin təşkili nöqteyi-nəzərindən bizi sevindirmir. Elmar Məmmədyarovla razılaşdıq ki, Azərbaycan İctimai Televiziyası izahat almağın hüquqi yolların aydınlaşdırdıqdan sonra biz bu qıcıqlandırıcı aksiyanın cavabsız qalmaması üçün birgə fəaliyyətimizi koordinasiya edəcəyik”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri

Şou-biznes bölməsinin xəbərləri