Azərbaycan prezidenti İlham Əliyevin və Yunanıstanın baş naziri Antonis Samarasın yüksək səviyyəli iş adamları ilə görüşü olub

Azərbaycan prezidenti İlham Əliyevin və Yunanıstanın baş naziri Antonis Samarasın yüksək səviyyəli iş adamları ilə görüşü olub İyunun 16-da Afinada Azərbaycan prezidenti İlham Əliyevin və Yunanıstanın baş naziri Antonis Samarasın yüksək səviyyəli iş adamları ilə görüşü olub.

APA-nın məlumatına görə, görüşdə çıxış edən Yunanıstanın baş naziri Antonis Samaras iki ölkə arasında əlaqələrin getdikcə daha da inkişaf etdiyini bildirib. Qeyd edibi ki, Azərbaycan ilə Yunanıstanın siyasi sahədə yüksək əməkdaşlığı iqtisadi sahəyə də öz təsirini göstərir. Bu da biznes qurumları arasında əlaqələrin daha da intensivləşməsinə geniş imkanlar açır. Antonis Samaras Yunanıstan ilə Azərbaycan arasında enerji sahəsində də əməkdaşlığın uğurlu olduğunu söyləyib. O, TAP kəməri layihəsinin Yunanıstan ilə yanaşı, region ölkələrinin inkişafına da güclü təsir edəcəyini vurğulayıb.

Prezident İlham Əliyev iki ölkə arasında yüksək səviyyəli əlaqələrin olduğunu deyərək Azərbaycanda gedən inkişaf prosesləri barədə görüş iştirakçılarına məlumat verib. Dövlət başçısı bildirib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı üç dəfə artıb. İqtisadiyyatın qeyri-neft sektorunun çəkisi yüksəlib. Neft-qaz sektorunun iqtisadiyyatıın aparıcı istiqaməti olduğunu deyən prezidenti bildirib ki, böyük enerji resursları olan Azərbaycan tərəfindən “Şahdəniz”, Trans-Anadolu və Trans-Adriatik layihələri icra edilir. Bu layihələrdə Yunanıstan da yaxından iştirak edir. Artıq Azərbaycanın xaricə investisiya yatırmağa başladığını deyən prezident İlham Əliyev hazırda ölkədə informasiya-kommunikasiya texnologiyaları, turizm və digər qeyri-neft sahələrinin inkişafına böyük diqqət göstərildiyini və bu məsələlərə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında geniş yer verildiyini deyib.

Daha sonra Yunanıstanın tanınmış şirkətlərinin rəhbərləri və nümayəndələri təmsil etdikləri müəssisələr haqqında məlumat veriblər. Bildirilib ki, bu şirkətlər əsasən energetika, nəqliyyat, turizm, alternativ enerji mənbələri, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə ixtisaslaşmışdır. İş adamları Azərbaycan ilə yeni əməkdaşlıq münasibətləri qurmaqda və mövcud qarşılıqlı fəaliyyətin genişlənməsində maraqlı olduqlarını deyiblər. Onlar Azərbaycan şirkətləri ilə təcrübə mübadiləsinə hazır olduqlarını bildiriblər.
Şərhlər
Siyasət bölməsinin xəbərləri