Araz Əzimov: “Rusiya Dağlıq Qarabağ münaqişəsini həll etməklə, Azərbaycana yardım göstərməklə, çox şeyə nail ola bilər”

“Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Bakıda keçirilən son görüşündə əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Rusiyanın bu məsələdə əvvəlcədən xüsusi mövqeyi olub. Bu münaqişənin başlanmasının ilkin inkişaf mərhələlərində Rusiyanın müvafiq mənfi töhfələri də var idi”.

APA-nın xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

Nazir müavininin sözlərinə görə, sonradan Rusiya münaqişəsinin həllində irəliləyiş əldə etmək üçün ATƏT-in Minsk qrupunda həmsədr kimi müəyyən addımlar atmaqla və müzakirələrdə iştirak etməklə, özünün də məsələnin həllində mövqeyini yenidən nəzərdən keçirib, bir mövqeyinin formalaşmasına nail olub.

"Anladığım qədər Rusiyanın bu məntəqədə əsas marağı Azərbaycanla bağlı olmalıdır. Çünki Azərbaycan ən böyük əraziyə, ən böyük insan resursuna malik, ən sabit, etibarlı və ən qabiliyyətli hökuməti olan ölkədir. Azərbaycan Rusiya üçün yaxşı tərəfdaş ola bilər. Məncə, Rusiyanın əsas marağı Azərbaycanı inkişaf etmiş, sabit, etibarlı strateji qonşu kimi görməkdən ibarət olmalıdır. Rusiya problemi həll etməklə, Azərbaycana yardım göstərməklə, çox şeyə nail ola bilər. Bu anlayış Rusiyada nə qədər çox formalaşsa, möhkəmlənsə, kök salsa, biz bir o qədər Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxın olarıq”, - deyə A. Əzimov vurğulayıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri