QMİ müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verdi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs Ramazan ayının başlanması münasibətilə fətva verib.

Trend xəbər verir ki, bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının iclası keçirilib. İclasda müqəddəs Ramazan ayının başlanması münasibətilə fətva verilib.

QMİ-nin fətvasına əsasən, miladi təqvimlə 29 iyun hicri tarixlə Ramazan ayının birinci günü, iyunun 28-i isə orucluğun niyyət gecəsidir.

Bayram namazı isə Ayın görünməsindən asılı olaraq iyulun 28 və ya 29-da qılınacaq.

Fətvada qeyd olunur: "Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, günün duaları və bayram tarixini əhatə edən müstəsna təqvimi və yaddaş kitabçasını tərtib etmişdir. Bu ilki hesablamalara əsasən, miladi təqvimlə 29 iyun 2014-cü il - hicri tarixi ilə Ramazan ayının 1-ci günüdür. İyun ayının 28-i orucluğun niyyət gecəsidir. Xüsusi minnətdarlıqla bildirmək istərdik ki, Azərbaycan dövləti müsəlman dindarların tolerantlığını və qardaşlıq münasibətlərini nəzərə alaraq Ramazan bayramının iki gün - 28 və 29 iyul tarixlərində keçirilməsinə qərar verilmişdir. Şəvval ayı hilalının görünməsindən asılı olaraq Eyd-ül-Fitr - Ramazan bayramı namazı iyul ayının 28 və ya 29-da qılınacaqdır, inşallah. Müqəddəs dinimiz orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtında (Ramazan ayının sonunda) çıxarılması və imkansızlara verilməsini və bununla da onlara bayram sevincini yaşatmağı tövsiyə edir. Fitrə canın sədəqəsidir və hər bir imkanlı müsəlmanın bu günün həyat şəraitinə uyğun olaraq ailənin hər bir üzvü üçün 5-10 manat civarında fitrə zəkatı verməsi Allahın buyruqlarındandır. Mənəvi birliyimizi qorumaq məqsədilə bu qaydalara və müxtəlif mənbələrdən daxil olmuş və möminlər arasında məzhəb ayrıseçkiliyinə səbəb olan təqvimlərə deyil, məhz QMİ ilə AMEA-nın rəsədxanası tərəfindən birgə hazırlanmış və Azərbaycan üfüqünə uyğun olan mövcud təqvimə riayət etməyi dindarlarımıza tövsiyə edir, bölgələrdəki qazılar, səlahiyyətli nümayəndələr, imam və axundlar tərəfindən icraatının vacib olduğunu bildiririk. Azərbaycanda tolerantlıq mühitinin qorunub-saxlanması naminə KİV-dən bu təqvimdən istifadə etmələrini xahiş edirik".

Allah (c.c) tutduğunuz orucları, qıldığınız namazları qəbul eləsin. AMİN!
Şərhlər
Sosial bölməsinin xəbərləri