Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə keçirilən əməliyyat-taktiki təlimi izləyib

Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə keçirilən əməliyyat-taktiki təlimi izləyib İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimləri keçirilmişdir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev birgə əməliyyat-taktiki təlimləri izləmişdir.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verdi.

General-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə birgə əməliyyat-taktiki təlimdə nümayiş etdiriləcək təlim yerlərinin ümumi sxemi barədə məlumat verdi.

Sonra dövlətimizin başçısına Azərbaycan Ordusunun yeni, ən müasir standartlara cavab verən hərbi texnika, silah və sursatları təqdim olundu.

Hazırda respublikamızda ordu quruculuğu ən prioritet məsələlərdən biridir. Təbii ki, müharibə şəraitində yaşayan ölkə üçün bu, xüsusi əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycan Silahlı Qüvvələri əsaslı inkişaf yolu keçmiş, ordumuzun maddi-texniki bazası hərtərəfli müasirləşdirilmiş, döyüş qabiliyyəti artmışdır. Respublikamızda dünyanın ən nizami ordularından biri formalaşdırılmışdır. Maddi-texniki bazası durmadan təkmilləşdirilən ordumuzun peşəkarlığı da artır. Son illər ərzində ordumuzun təchizatında böyük uğurlara nail olunmuşdur. Azərbaycan hərbi məqsədlər üçün böyük məbləğdə vəsait xərcləyir. Ölkəmizin dövlət büdcəsində ən böyük xərclər orduya sərf edilir. Son illərdə Azərbaycanın Silahlı Qüvvələri ən müasir silahlarla təchiz olunmuşdur. Bu zirehli maşınlar, ən müasir tanklar, artilleriya qurğuları və digər texnikalar düşmənin istənilən hədəfini məhv etməyə qadirdir. Dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, hərbi xərclər ümumi büdcəmizdə bundan sonra da üstünlük təşkil edəcəkdir.

Azərbaycanda son illərdə müdafiə sənayesi də əsaslı inkişaf yolu keçmişdir. Gələcəkdə yerli istehsalın daha da genişləndirilməsi ilə bağlı böyük işlər görülür. Artıq ölkəmiz güclü hərbi sənayeyə malikdir. Azərbaycanın müdafiə sənayesinin məhsulları dünya sərgilərində nümayiş etdirilir və ildən-ilə respublikamızın ixrac imkanları artır. Ölkəmiz həm xaricdən ən müasir hərbi texnikalar alır, həm də yerli hərbi sənayesini daha da inkişaf etdirir və genişləndirir.
Azərbaycan Silahlı Qüvvələrinin texnika, silah və sursatlarına baxışdan sonra yeni silah sistemlərinin nümunəvi atışlarına başlandı, irimiqyaslı birgə əməliyyat-taktiki təlimlər keçirildi. Ümumilikdə, təlimlərə 4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemi, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş vertolyotu cəlb edilmişdi.

Təlimlərdə Azərbaycan Respublikası ərazisinin müdafiəsi və təcavüzkarın məğlubiyyətə uğradılması məqsədilə Silahlı Qüvvələrimizin və başqa silahlı birləşmələrimizin birgə fəaliyyətinin planlaşdırılması və təşkili, həmçinin, dövlət sərhədinin mühafizəsi və müdafiəsi, əks-hücuma keçməklə təcavüzkarın əsas qüvvələrinin darmadağın edilməsi ilə bağlı məsələlər diqqət mərkəzində oldu. Təlimlərdə qarşıya bir sıra məqsədlər qoyuldu və tam yerinə yetirildi.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə, hissə və bölmələrinin ərazi müdafiəsi çərçivəsində birgə döyüş tətbiqinin planlaşdırılması və qarşılıqlı əlaqənin təşkili üzrə müxtəlif səviyyələrdə qərargahlar arasında koordinasiyanın təmin edilməsi təlimin başlıca hədəflərindən biri idi. Dövlət sərhədinin mühafizəsi, ərazi müdafiəsinin aparılması və əks-hücum əməliyyatının gedişində Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin uzlaşma fəaliyyətinə nail olunması, birləşmə, hissə və bölmələrin döyüş fəaliyyətinin sinxronlaşdırılması da təlimlərdə diqqət mərkəzində idi. Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin birgə döyüş fəaliyyətinin gedişində qoşunların əlaqələndirilmiş şəkildə idarə edilməsi və informasiya mübadiləsinin saxlanması üzrə qərargah fəaliyyətinin məşqinə də xüsusi diqqət yetirildi.

Təlimin əsas mərhələsində aviasiya zərbələrinin və artilleriya sistemlərinin döyüş atışının praktiki idarə olunması, hava desantının çıxarılması, müxtəlif qoşun növləri və xüsusi qoşunların hücum əməliyyatında tətbiqi məsələləri işləndi, birləşmə, hissə və bölmələrin taktiki fəaliyyətləri və silah sistemlərinin real atışları həyata keçirildi, müxtəlif güc strukturlarının birləşmə və hissələri arasında qarşılıqlı əlaqənin saxlanması təmin edildi.

Silahlı Qüvvələrin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimlərində qarşıya qoyulan bütün məqsədlərə nail olundu, təlimə cəlb edilən bütün şəxsi heyət yüksək döyüş hazırlığı nümayiş etdirdi.
Bununla da təlimin fəal mərhələsi başa çatdı. Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxış etdi.

Daha sonra dövlətimizin başçısının 2014-cü il 24 iyun tarixli müvafiq Sərəncamına uyğun olaraq bir qrup hərbçiyə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları, eləcə də qiymətli hədiyyələr təqdim olundu.

Sonda xatirə şəkli çəkdirildi.

Bununla da birgə əməliyyat-taktiki təlimlərinin keçirilməsi mərasimi başa çatdı.
Şərhlər
Siyasət bölməsinin xəbərləri