Sürücülərin diqqətinə: Yol polisi növbəti gecə reydlərinə başlayır

Bakı yol polisi qarşıdan gələn istirahət günləri ilə əlaqədar iyunun 27-si axşam saatlarından etibarən iyunun 29-u axşam da daxil olmaqla gecə reydlərinə başlayır.

Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə deyib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu gün axşam saatlarından başlayaraq günün qaranlıq vaxtı reydlərin təşkilinə başlayır.

Onun sözlərinə görə, qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, paytaxtda baş vermiş yol qəzaları əsasən günün qaranlıq vaxtlarına təsadüf edir. Bu baxımdan belə hadisələrin qarşısının alınması zərurəti yaranır: "Belə ki, yol qəza hadisələri əsasən saat 18:00-dan 24:00-dək aralığında baş verir. Qəzaların baş verməsinin əsas səbəbi isə hərəkət sürətinin aşılması, diqqətsizlik, səhlənkarlıq, tələskənlik olur".

V.Əsədov bildirib ki, yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi üçün şənbə və bazar günləri paytaxtdan istirahət mərkəzləri, bağ evləri, çimərliklər, eləcə də bölgələr istiqamətlərində reydlərin təşkili nəzərdə tutulub: "Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bildirir ki, təşkil edilmiş reydlər zamanı sükan arxasında telefonla danışanlara, təhlükəsizlik kəmərindən istifadə etməyənlərə, spirtli içkinin təsiri altında avomobil idarə edənlərə, nəqliyyat vasitələrində əlavə avadanlıqlar, yüksək avazlı səs siqnalları quraşdıranlara, xüsusilə, polisin saxlama işarəsinə və qanunvericiliyə uyğun sənədlərin yoxlanılmasına əhəmiyyət vermədən yayınmağa çalışan sürücülərə və avtomobil sahiblərinə heç bir güzəşt edilməyəcək".

Bölmə rəisi əlavə edib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti ümumilikdə paytaxt yollarında nəzarəti gücləndirib: "Bir daha sürücülərə və avtomobil sahiblərinə xatırladırıq ki, bilərəkdən və ya bilmədən qəsdən və ya ehtiyatsızlıq üzündən yol hərəkəti qaydalarının pozulması inzibati xəta adlanır və bu xətanı törədənlər, irqindən, cinsindən, dinindən, dilindən, vəzifəsindən, miliyyətindən asılı olmayaraq, aşkar edildikdə məsuliyyətə cəlb ediləcəklər. Xəta törədənlər həm qanunvericilik əsasında xidmət apararaq yol polisi əməkdaşları, həm də yollarda quraşdırılmış müşahidə kameraları tərəfindən aşkar edilərək cəzalandırılacaqlar. Artıq güzəşt məsələsi ola bilməz!"

O bildirib ki, Azərbaycanda nəqliyyat vasitələrinin sayı artıq 1,2 milyonu keçib. Onların 62%-i isə paytaxtda idarə olunur.

V.Əsədov sonda yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi üçün hər bir vətəndaşı nizam-intizama çağırıb: "Hamını iyun 15-dən iyulun 15-dək davam edəcək "Sürücülər, intizamlı olaq!" hərəkətin təhlükəsizliyi aylığında fəal iştirak etməyə dəvət edir, bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməyə, idarə, müəssisə, təşkilat rəhbərlərini və kütləvi informasiya vasitələrini təhlükəsizlik aylığının yüksək səviyyədə keçirilməsinə yardımçı olmağa çağırır, əhalinin diqqətinin bu tədbirə cəlb edilməsi, o cümlədən hərəkət iştirakçılarının həmrəyliyinin simvolu kimi respublikanın avtomobil yollarında hərəkətdə olan nəqliyyat vasitələrinin sürücülərinə gündüz vaxtı da yaxın işıq faralarından istifadə etmələrini tövsiyə edirik".

Qeyd edək ki, Azərbaycanda 2014-cü ilin 5 ayı ərzində 996 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 404 nəfər ölüb, 1003 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisələrin 370-i paytaxt Bakıda baş verib. Nəticədə 113 nəfər ölüb, 364 nəfər yaralanıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri