Mövlud Çavuşoğlu: “ABŞ və Rusiya birlikdə istəsəydi, Dağlıq Qarabağ münaqişəsi artıq həllini tapmışdı”
- 28.06.2014, 17:10,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Dağlıq Qarabağ münaqişəsinin çözülməsi üçün bu günə qədər ATƏT-in Minsk Qrupunun, beynəlxalq aktyorların səmimi səyləri olmayıb. Əgər Minsk Qrupunun üzvləri, sadəcə, ABŞ və Rusiya hər ikisi birlikdə istəsəydi, Dağlıq Qarabağ münaqişəsi artıq həllini tapmışdı”.
APA-nın məlumatına görə, bunu Türkiyənin Avropa Birliyi işləri üzrə naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, bu gün Dağlıq Qarabağ münaqişəsinin çözülməməsinin Avropa siyasətinə təsir etməsinin şahidi oluruq və artıq münaqişənin həlli üçün səmimi səylərin ortaya qoyulması lazımdır: “Dağlıq Qarabağ münaqişəsi səbəbindən qadınlar, uşaqlar qaçqın və məcburi köçkün həyatı yaşayır. Azərbaycanın işğal edilmiş torpaqlarında qətliamlar, Xocalı soyqırımı baş verdi. Bu münaqişənin tezliklə çözülməsi lazımdır. Avropa Birliyi ölkələrinin təmsilçiləri zamanında münaqişənin həllində səmimi səy göstərmədi, indi bunun bəzi mənfi təsirlərini özləri də görür”.
ATƏT-in Dağlıq Qarabağ münaqişəsinə Ukrayna böhranı qədər həssas yanaşmamasına gəlincə, M.Çavuşoğlu ATƏT-in Ukrayna böhranının həllində nə dərəcədə təsirli rola malik olmasının müzakirə mövzusu olduğunu qeyd edib: “Bir tərəfdən, qarşıdurmaların qarşısını almaq, mövcud münaqişələri qaldırmaq önəmlidir, digər tərəfdən, dondurulmuş münaqişələri çözməsək, nəticədə həm beynəlxalq hüquq, insan hüquqları, həm də ölkələrin ərazi bütövlüyü, müstəqilliyi baxımından problemlər ortaya çıxır. Bu gün əslində Ukraynadakı qarşıdurma belə daha öncəki münaqişələrin çözülməməsinin nəticəsidir. Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrində, Azərbaycanın Dağlıq Qarabağ, Moldovanın Dnestryanı problemləri, indi isə Krım məsələsi ortaya çıxdı. Dondurulmuş münaqişələr bütünlüklə Avropa miqyasında sabitlik üçün təhlükədir. Bu problemlərin həlli üçün obyektiv və səmimi davranmaq lazımdır”.
M.Çavuşoğlu ATƏT Parlament Assambleyasında Azərbaycanın maraqlarının əksini tapmasını dəstəklədiklərini vurğulayıb: “Bu istiqamətdə Azərbaycan və Türkiyə nümayəndə heyətləri də birgə fəaliyyət göstərirlər. Azərbaycanın marağı Türkiyənin də marağıdır”.