Türkiyənin baş naziri prezident seçkilərində iştirak edəcək
- 01.07.2014, 18:50,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Rəcəb Tayyib Ərdoğan avqustun 10-da keçiriləcək prezident seçkilərində iştirak edəcək. APA-nın xəbərinə görə, paytaxt Ankarada 4 min nəfərin iştirakı ilə keçirilən təntənəli toplantıda R. T. Ərdoğanın prezidentliyə namizədliyi rəsmən elan olunub.
R. T. Ərdoğanın namizədliyini kürsüdən AKP sədrinin müavini, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Mehmet Əli Şahin elan edib. Onun sözləri zalda alqışlarla qarşılanıb və iştirakçılar ayağa qalxıb. Bundan sonra R. T. Ərdoğanın həyat yolu və siyasi fəaliyyəti haqda sənədli film nümayiş etdirilib.
Qeyd edək ki, iki böyük müxalifət partiyası – Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyaları İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Ekmələddin İhsanoğlunu prezidentliyə namizəd göstərib. Kürd partiyası HDP-nin (Halkların Demokrasi Partisi) namizədi isə Səlahəddin Dəmirtaş olub.
Seçkilərin ilk turunda qalib gəlmək üçün 50%-dən çox səs tələb olunur. İlk turda qalib müəyyənləşməsə, avqustun 24-də ikinci tur keçiriləcək. R. T. Ərdoğan prezident olarsa, baş nazir və AKP sədri vəzifələrindən istefa verəcək.