Zaha Hadid Heydər Əliyev Mərkəzinin layihəsinin reallaşmasına görə Azərbaycan Prezidentinə və xanımına təşəkkür edib

Zaha Hadid Heydər Əliyev Mərkəzinin layihəsinin reallaşmasına görə Azərbaycan Prezidentinə və xanımına təşəkkür edib İyunun 30-da London Dizayn Muzeyinin 2014-cü il üzrə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Heydər Əliyev Mərkəzindən Trend-ə bildiriblər ki, Bakının müasir simvollarından olan Heydər Əliyev Mərkəzi arxitektura sahəsində qalib elan olunub.

Londonda keçirilən mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin layihəsinin müəllifi, dünya şöhrətli memar Zaha Hadid bu memarlıq nümunəsi layihəsinin reallaşmasında göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya mükafatlandırılma mərasimində iştirakına görə minnətdarlığını çatdıran Zaha Hadid bu gün Heydər Əliyev Mərkəzinin layihəsi, eyni zamanda, fəaliyyəti ilə fərqləndiyini deyib və bu fəaliyyətə görə Mərkəzin direktoru Anar Ələkbərova təşəkkürünü bildirib.

Qeyd edək ki, Dizayn Muzeyi 2014-cü ildə 7 nominasiya üzrə qalibləri müəyyən edib. Müxtəlif sahələri əhatə edən münsiflər heyətinin qərarına əsasən, arxitektura üzrə 2014-cü ilin qalibi Heydər Əliyev Mərkəzinin binası seçilib. Dizayn Muzeyi tərəfindən yeddinci dəfədir ki, təsis olunan illik mükafat bu il bəzi ilklərə də imza atıb. Belə ki, Dizayn Muzeyi artixektura sahəsində ilk dəfə nominasiya elan edib və bu il ilk dəfədir ki, Muzeyin mükafatına qadın namizəd sahib olub.

Xatırladaq ki, Heydər Əliyev Mərkəzinin binasının inşasına 2007-ci ildə başlanılıb. 2012-ci il mayın 10-da istifadəyə verilən Heydər Əliyev Mərkəzinin binası dünya memarlığının incilərindən sayılır. Binanın layihəsinin müəllifi dünya şöhrətli memar, Pritzker memarlıq mükafatının sahibi Zaha Hadiddir. O, dünyanın bir sıra tikinti komplekslərinin arxitektur müəllifi kimi tanınır.
Şərhlər
Siyasət bölməsinin xəbərləri