AMEA-da elmi işçilərin sayı 2-3 min nəfər azaldıla bilər

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi işçilərin sayı 2-3 min nəfər azaldıla bilər.

APA-nın xəbərinə görə, “AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası”nda qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası üçün kadr potensialı məsələsi ən kəskin problemlərdən biri olaraq qalır.

Bu problemin həlli yollarından biri AMEA-da elmi işçilərin sayının (təxminən 2-3 min nəfər) əsaslı şəkildə azaldılmasıdır. Onların əvəzinə isə xüsusi şərtlər daxilində xaricdən alimlərin cəlb olunması (hər şeydən əvvəl Azərbaycan elmi diasporunun nümayəndələrini), fəaliyyəti xarici reytinqli elmi dərgilərdə nəşr olunma, müxtəlif qrant müsabiqələrində aktivliyi və beynəlxalq elmi yığıncaqlarda iştirakının yüksək göstəriciləri ilə xarakterizə edilən əməkdaşlar elmdə saxlanılmalıdır.

Səmərəli əmək fəaliyyətini stimullaşdırmaq üçün AMEA-da müddətli əmək müqaviləsi əsasında işləyənlərin sayının tədricən artırılması vacibdir. Yeni vakansiyalara müsabiqələr beş il müddətinə əmək müqaviləsinin bağlanmasının göstərilməsi şərti ilə keçirilməlidir. Nəticədə müddətsiz əmək müqavilələrinin bağlanması yalnız akademiyanın yüksək beynəlxalq reytinqli elmi işçilərinə aid olmalıdır. Bununla yanaşı, elmi işin keyfiyyətini yüksəltmək, rəqabət mühitini yaratmaq və mobilliyi artırmaq lazımdır. Bu səbəbdən xüsusilə gənclər arasında gənc mütəxəssislərin fəaliyyətinin stimullaşdırılmasının şərtlərini əks etdirən müqavilələrin bağlanılması məqsədəuyğundur.

Konsepsiyada qeyd olunub ki, AMEA əməkdaşlarının mənzil probleminin həlli məqsədilə tədbirlər planı hazırlanmalıdır. Alimlər üçün müəssisə və ipoteka mənzili tikintisi proqramını daha geniş və qəti şəkildə həyata keçirmək, fərdi ev və yataqxanaların tikintisini genişləndirmək, gənc və dəvət olunmuş mütəxəssislərin mənzil kirayəsi haqqının bir hissəsinin kompensasiya edilməsi üçün vəsait ayrılması həllini gözləyən məsələlərdəndir. Bundan əlavə, AMEA-da mənzil statusunun, mənzil sertifikatının, sosial ipotekanın işlənilməsi və təkmilləşdirilməsi zəruridir. Azad Həmkarlar İttifaqı ilə birgə sosial obyektlərin - alimlər evi, sanatoriya, pansionat, poliklinika və s. obyektlərin akademik şəbəkəsini yaratmaq, ilk növbədə istedadlı, yaradıcı gənclərin peşəkar inkişafına imkan yaradan əlavə maddi resursların axtarışının həyata keçirilməsi vacibdir.
Şərhlər
Sosial bölməsinin xəbərləri