Bu gün Azərbaycan təhlükəsizliyin, sabitliyin hərtərəfli qorunduğu dövlət imicinə malikdir. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzindən Trend-ə verilən məlumata görə, bunu milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov MTN-in Heydər Əliyev adına Akademiyasında məzun buraxılışına həsr olunmuş təntənəli mərasimdə bildirib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla anılmış, abidəsinin önünə gül dəstəsi qoyulub. Sonra Akademiyanın Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib. Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın dövlət himni səsləndirilib.
Milli təhlükəsizlik naziri general-polkovnik E.Mahmudov buraxılış münasibətilə məzunları, onların valideynlərini, Akademiyanın professor-müəllim heyətini təbrik edib. Bildirilib ki, məzunların bu xüsusi təyinatlı ali təhsil müəssisəsində aldıqları biliklər, mənimsədikləri peşəkarlıq vərdişləri gənc zabit kimi vəzifə borclarını layiqincə yerinə yetirmələrində onlara yaxından kömək olacaq. Akademiyanın təlim-tədris sistemində xeyli nailiyyətlərin əldə edildiyini söyləyən nazir məzunların xidmətə başladıqları sahələrdə əzmlə çalışmalarının ümummilli liderin peşəkarlıq və vətənpərvərlik məktəbinə, Heydər Əliyevin milli maraqların qorunması amallarına sədaqət göstəricisi olduğunu vurğulayıb. Qeyd olunub ki, ölkənin təhlükəsizliyinə cavabdeh olan şəxslərin ən yüksək keyfiyyətlərə malik olması ulu öndərin əsas tövsiyəsi idi. Həmçinin, onların dərin bilik və məsuliyyət, vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsinin vacibliyi idi. Bu baxımdan gələcək əməkdaşların zəruri iş və mənəvi keyfiyyətlərə yiyələnməsi üçün Akademiyada hər cür şərait yaradılıb. Bu təhsil ocağı ötən 10 il müddətində böyük inkişaf yolu keçib. Maddi-texniki bazanın ardıcıl gücləndirilməsi, digər təşkilati tədbirlər yüksək ixtisaslı kadrların hazırlanmasına, yeni nəslin əsl vətəndaş kimi yetişməsinə xidmət edir.
E.Mahmudov əldə olunan nəticələrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Akademiyaya, ümumən milli təhlükəsizlik orqanlarına göstərdiyi diqqət və qayğısını xüsusi qeyd edərək bildirib ki, ən əsas vəzifə borcu dövlət başçısının ölkənin ərazi bütövlüyünün təmin olunması istiqamətindəki ardıcıl səyləri, ümumən dövlətçilik kursu üçün əlverişli şəraitin yaradılmasıdır: "Cənab Prezidentin Avropa Şurası Parlament Assambleyasındakı çıxışında bu istiqamət üzrə fikirləri bütün dövlət orqanları və ictimai təşkilatlar üçün, hər bir vətəndaş üçün proqram xarakteri daşıyır. Eyni zamanda, ölkə rəhbərinin milli maraqlarımız və beynəlxalq münasibətlər üzrə məntiqli, müdrik çıxışı bütün xalqımızda, o cümlədən şəxsi heyətimizdə böyük iftixar hissi doğurmuşdur".
Bildirilib ki, Azərbaycan gəncliyi daim öz üzərində dövlətin qayğısını hiss edir. Ulu öndər gənclərin hərtərəfli inkişafını ümumi tərəqqi üçün çox vacib sayırdı. Bu siyasət indi Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirilir. Gənclər üçün daha geniş imkanlar açılır. Gənclərin tarixi-mədəni irsə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyəsi başlıca məqsədlərdən sayılır. Gənc zabitlər də üzərlərində dövlətin qayğısını daim hiss edirlər.
Nazir qeyd edib ki, bu gün Azərbaycan təhlükəsizliyin, sabitliyin hərtərəfli qorunduğu dövlət imicinə malikdir. Bunu ölkəmizin dostları da, rəqibləri də etiraf edirlər. Buna görə də Azərbaycan Respublikasına inam var. Burada beynəlxalq səviyyəli tədbirlər, idman və musiqi yarışları keçirilir.
Ötən il Azərbaycan üçün uğurlu olub. Əlbəttə, ümumən ölkə miqyasında 2013-cü ilin ən mühüm hadisəsi cənab İlham Əliyevin növbəti dəfə böyük ruh yüksəkliyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilməsi oldu.
Bu il 95 illik yubileyini qeyd etdiyimiz milli təhülkəsizlik orqanlarının fəaliyyəti də uğurla davam etdirilib. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin qarşısı qətiyyətlə alınıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, insan alveri, mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı mübarizədə yüksək göstəricilər əldə edilib. Ancaq bütün bunlar bizi arxayınlaşdırmır. Əksinə, xalqın və dövlət başçısının milli təhlükəsizlik orqanlarına inamı və etimadı, ölkəmizin yüksək nüfuzu bizi daha da məsul edir. Dünyada və regionda gedən proseslər bu və ya digər formada təzahür edən təhdidlər şəxsi heyəti daha sayıq və səfərbər edir.
Nazir E.Mahmudov bildirib ki, Azərbaycanın iqtisadi sahədə dinamik inkişaf edən dövlət olması respublikanın bütün regionlarında hiss olunur. Statistika göstərir ki, iqtisadiyyatımız son 10 ildə 3 dəfədən çox artıb. Bu dünyada ən surətli inkişaf göstəricisidir. Bu isə milli təhlükəsizliyə cavabdeh orqanlardan getdikcə daha yüksək bilik səviyyəsi, peşəkarlıq, yüksək xidməti və icra intizamı tələb edir. Gənc əməkdaşlar bunu öz fəaliyyətlərində nəzərə almalıdırlar. Onlar vəzifə borcunun icrasına münasibətdə ilk gündən məsuliyyətli, həm də hər cür yad ideologiya və təsirlərdən uzaq olmalıdırlar. Bu günlərdə Bakıda ATƏT Parlament Assambleyasının 23-cü sessiyası keçirilib. Sessiyada çıxış edən möhtərəm Prezident təhsil məsələsinə də toxunub. Dövlət başçısı deyib: "Avropa Şurasının Nazirlər komitəsinin sədri kimi qarşımıza qoyduğumuz digər prioritetlərdən biri təhsildir. Biz təhsil sahəsinə böyük investisiyalar qoyuruq, çünki bizə savadlı insanlar, yaxşı mütəxəssislər lazımdır. Eyni zamanda, savadlı insanlar heç zaman xarici təsirə, müdaxiləyə məruz qala bilməz. Təhsil ekstremizmə, radikalizmə və millətçiliyə qarşı zəmanətdir".
Milli təhlükəsizlik naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün əmr və göstərişlərinin, tövsiyələrinin bundan sonra da dərhal və qüsursuz yerinə yetiriləcəyini bildirib və xatirələrində əbədi qalacaq bu gün münasibətilə gənc zabitləri bir daha təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusif-zadə çıxış edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevin milli təhlükəsizlik orqanlarına olan diqqət və qayğısı, milli təhlükəsizlik naziri general-polkovnik E.Mahmudovun yüksək təşkilatçılığı sayəsində Akademiyanın inkişafından danışıb. Z.Yusif-zadə sıralarında Heydər Əliyev təqaüdçüsü olan məzunların tədris müddətində daim yüksək nailliyyətlər qazandıqlarını, Akademiyanın elmi, ictimai, siyasi həyatında fəal iştirak etdiklərini, 14 zabitin Akademiyanı fərqlənmə diplomu ilə bitirdiyini diqqətə çatdırıb. Bildirib ki, müstəqil Azərbaycanı bizlərə bəxş etmiş ulu öndər Heydər Əliyevin "Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları hərtərəfli əməliyyat biliklərinə malik olmaqla yanaşı, vətənimizin daxili və xarici siyasətini, beynəlxalq aləmdə cərəyan edən prosesləri daim izləməli, xalqımıza, dövlətimizə hədsiz sədaqətli olmalıdırlar. Sədaqət, sayıqlıq, vətənpərvərlik sizin fəaliyyətinizin əsas devizi olmalıdır" milli təhlükəsizlik orqanları əməkdaşları haqda atalıq qayğıkeşliyilə deyilmiş bu qiymətli kəlamları bugünkü məzunlar özlərinin gələcək fəaliyyətlərində Akademiyada aldıqları biliklərə əsaslanaraq daim rəhbər tutacaq və qarşılarında qoyulmuş dövlət əhəmiyyətli vəzifələrin öhdəsindən şərəf və ləyaqətlə gələcəklər.
Akademiyanın məzunları leytenant E.Cəfərli və leytenant Ş.Qəzənfərli çıxış edərək, ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil ocağını bitirmələrindən qürur hissi keçirdiklərini bildiriblər. Gənc zabitlər Akademiyanın kursant və dinləyicilərinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Milli Təhlükəsizlik Nazirliyinin və Akademiyanın rəhbərliyinə, müəllim kollektivinə minnətdarlıq edib, bütün məzunların adından Vətənə sədaqətlə xidmət edəcəklərini bildiriblər.
Sonra milli təhlükəsizlik naziri general-polkovnik E.Mahmudov Akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim edib. Digər məzun zabitlərə də diplomlar təqdim olunduqdan sonra Akademiyanın zabit və kursantları orkestrin müşayiəti ilə hərbi marşla tribunanın önündən keçiblər.
Tədbir Akademiyadakı "Şöhrət" muzeyində davam etdirilib. Muzeyin mərasim salonunda nazir E.Mahmudov Akademiyanı fərqlənmə ilə bitirən zabitlərə xatirə hədiyyələri verib. Ulu öndər Heydər Əliyevin büstünün və muzeyin önündəki abidəsi qarşısında xatirə şəkilləri çəkdirilib.
Təntənəli mərasimin sonunda milli təhlükəsizlik naziri general-polkovnik E.Mahmudov məzunların valideynləri ilə görüşüb.