Müdafiə Nazirliyi: Hərbi qulluqçuların oruc tutmasına qadağa deyil, onların sağlamlığının qorunması, yüksək döyüş hazırlığı prizmasından baxmaq məqsədəuyğundur
- 05.07.2014, 20:16,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Müdafiə Nazirliyi bəzi kütləvi informasiya vasitələrində oruc tutan hərbi qulluqçulara guya nazirlik tərəfindən qadağa qoyulması barədə məlumatlara münasibət bildirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin bu məsələyə münasibəti ondan ibarətdir ki, hərbi hissələrin komandanlığı valideynləri, ictimaiyyətin nümayəndələrini, din xadimlərini, ağsaqqalları hərbi hissələrə dəvət edərək məsləhətləşmələr aparır və onlar hərbi xidmətin spesifikası, xidmət dövrü ərzində oruc tutulmasının tibbi, fiziki, psixioloji baxımdan orqanizmə təsiri və nəticələri barədə hərbi qulluqçular arasında maarifləndirici işin həyata keçirilməsinə cəlb edilirlər.
Nazirliyin tabeliyində olan hərbi hissələrin əksəriyyətinin ağır iqlim şəraitində, relyefi müxtəlif və mürəkkəb olan ərazilərdə - yüksək dağlıq, düzənlik-ovalıq şəraitində, düşmənlə üz-üzə təmas xəttində, daim səngərlərdə, postlarda yerləşməsi, daim döyüş növbətçiliyi çəkməsi dini ayinlərin icrasına çətinlik yaradan əsas amil kimi nəzərə alınmalıdır.
Diqqət yetiriləsi məqamlardan biri də odur ki, hazırda vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması həyata keçirilir. Bu dövrdə ailə mühitindən ayrılaraq, ordu sıralarına yeni gələn gənclərin fiziki, mənəvi-psixioloji adaptasiya keçməsi, ciddi surətdə əməl olunan günün nizam qaydalarına, həmçinin orqanizmə təsir edən digər amillərə uyğunlaşması vacibdir. Bu müddətdə həm iqlim şəraiti, həm də ailədən ayrılaraq tamamilə başqa mühitə düşməsi, o cümlədən yeni kollektivdə ünsiyyət qurması kimi fizioloji və mənəvi-psixioloji amillərin gənclərimizə təsiri də mövcuddur.
Müdafiə Nazirliyinin qarşısında duran ən əsas vəzifələrindən biri də döyüş növbətçiliyinin yerinə yetirilməsi ilə əlaqədar verilən döyüş tapşırıqlarını vaxtında, dəqiq, düzgün icra edən, silah və texnikanı dərindən bilən, eyni zamanda düşməni məhv etməyə hazır olan, fiziki cəhətdən sağlam, cevik, çətinlikləri məharətlə dəf edən, dözümlü və döyüş əzmi yüksək olan hərbi qulluqçular yetişdirməkdir.
Məlumatda deyilir: "Məhz bu səbəbdən də bu incə və həssas məsələyə qadağa deyil, hərbi xidmətin xüsusiyyətləri nəzərə alınmaqla, hərbi qulluqçuların sağlamlığının qorunması, təhlükəsizlik və yüksək döyüş hazırlığı prizmasından baxılması məqsədəuyğundur".