Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Milli Assambleyasında görüşlər keçirib

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Milli Assambleyasında görüşlər keçirib Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Mehriban Əliyevanın rəhbərliyi altında nümayəndə heyəti Parisdə səfərdədir.

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Mehriban xanım Əliyeva mayın 21-də Fransa Milli Asambleyasına gəlmişdir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Fransa Milli Assambleyasının sədri Klod Bartolone qarşılamışdır.

Görüşdə Klod Bartolone Fransanın böyük dostu olan Mehriban xanım Əliyeva ilə görüşdən məmnun olduğunu qeyd etmiş, bu səfərin parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində vacib rol oynayacağını bildirmişdir. Siyasi, iqtisadi, mədəni və digər sahələrdə Azərbaycan-Fransa əlaqələrinin yüksək səviyyəsindən məmnunluğunu ifadə edən Klod Bartolone Bakıda Fransız liseyinin tikilməsində Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulamışdır.

Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Mehriban xanım Əliyeva ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğunu, əlaqələrimizin bütün sahələrdə inkişaf etdiyini bildirmişdir. Mehriban xanım Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi və onun nəticələri barədə ətraflı məlumat vermişdir.

Azərbaycanın birinci xanımı Fransada ölkəmizlə bağlı mədəniyyət tədbirlərinin keçirildiyini, Heydər Əliyev Fondunun bu layihələri davam etdirdiyini diqqətə çatdırmışdır.

Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Mehriban Əliyevanın rəhbərlik etdiyi deputatlardan ibarət nümayəndə heyəti sonra Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun sədri Tierri Marianni ilə görüşmüşdür.

Söhbətdə ölkələrimizin qanunverici orqanları arasında əlaqələrin daha da inkişaf etdirilməsinin, o cümlədən işçi qruplarının fəaliyyətinin gücləndirilməsinin əhəmiyyəti qeyd olunmuş, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanmışdır.

Həmin gün Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan tərəfindən Fransa heyətinin şərəfinə şam yeməyi verilmişdir.
Şərhlər
Siyasət bölməsinin xəbərləri