Azərbaycan və İtaliya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

İyulun 14-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Prezidenti Corco Napolitanonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Dövlətimizin başçısı İtaliya Prezidentinin sarayına gəldi.
Sarayın həyətində Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Corco Napolitanoya, İtaliyanın rəsmi şəxsləri Prezident İlham Əliyevə təqdim edildi.
Prezidentlər rəsmi foto çəkdirdilər.
Sonra dövlət başçılarının geniş tərkibdə görüşü oldu.
Görüşdə Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edildi. Ölkələrimiz arasında əlaqələrin Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı baxımından önəmi vurğulandı. Azərbaycanın Avropa Şurasında, İtaliyanın Avropa İttifaqında sədrliyi dövründə səylərin əlaqələndirilməsinin vacibliyi qeyd edildi.
Söhbət zamanı energetika sahəsində əməkdaşlığın uğurlu inkişafı vurğulandı, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verdiyi bildirildi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparıldı.
Görüşdən sonra İtaliya Prezidenti Corco Napolitanonun adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə nahar verildi.
Şərhlər
Siyasət bölməsinin xəbərləri