Son 10 ilin analizinə əsasən Azərbaycan ərazisində əsas seysmoaktiv sahələr açıqlanıb
- 15.07.2014, 19:49,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Son 10 il ərzində (2004-2013-cü il) Azərbaycan ərazisində seysmikliyin təzahür etməsinin xüsusiyyətlərini öyrənmək məqsədilə aparılan analizin nəticələri açıqlanıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, 2004-2013-cü il dövrü üçün respublika ərazisinin seysmikliyi nəzərdən keçirilib. Ayrılmış seysmik enerjinin, zəlzələ episentrlərinin (ocaqlarının) illər üzrə paylanması analiz edilib və onun əsasında respublika ərazisində gərgin vəziyyətlərin və seysmik aktivliyin qiymətləndirilməsi aparılıb.
Qeyd olunub ki, ötən 10 il ərzində maqnitudası 3-dən yuxarı olan zəlzələlər ölkədə qeyri-bərabər paylanıb, seysmiklik mozaik xarakter daşıyıb. Episentrlərin ən böyük sıxlığı Şamaxı-İsmayıllı seysmoloji zonasında, Zaqatala-Balakən rayonlarında, Talış dağlıq sahəsində, həmçinin İranın Naxçıvan MV ilə qonşu ərazisində müşahidə olunub. Xəzər dənizinin Azərbaycan hissəsindəki akvatoriyasında episentrlərin sıxlaşması Abşeron yarımadası ətrafında və onun orta hissəsində müşahidə olunub.
2004-2013 illər ərzində seysmiklik həm ayrılmış seysmik enerjiyə görə, həm də baş verən zəlzələlərin miqdarına görə qeyri-bərabər olub. Ayrılmış seysmik enerjinin kəmiyyətinə görə ən maraqlı hadisələr 2007, 2012 və 2013-cü illərdə olub. 2007-ci ildə maqnitudası 4.2-dən yuxarı olan bir neçə zəlzələ baş verib. Belə ki, şimali Xəzər akvatoriyasında ml=4.9, Talış dağlıq sistemində ml=4.9, Şamaxı-İsmayıllı rayonunda ml=4.3, Kiçik Qafqaz ərazisində ml=4.2 olub. Bir qədər azalmadan sonra 2012-ci ildə seysmik vəziyyət kəskinləşib. Respublika ərazisində 5-7 ballıq intensivliklə və ml ≥5 ilə bir sıra zəlzələlər baş verib. 2012-ci ildə aktivləşmə 7 mayda respublikanın şimali-qərbindəki Zaqatala rayonunda iki güclü ml=5.6 və 5.7 zəlzələnin baş verməsi ilə başlayıb. Onlar böyük afterşok aktivliyə malik olub. 1-ci gün 170, mayın axırınadək 500-dən çox afterşok baş verib. Zaqatala zəlzələsinin afterşoku nəticəsində 14 mayda və 25 iyunda Şəki rayonunda maqnitudası 4.1, 7 oktyabrda İsmayıllı zonasında maqnitudası 5.3, 14 oktyabrda isə Balakəndə maqnitudası 5.6 olan yeraltı təkan qeydə alınıb.
2012-ci ildə Azərbaycanla qonşu İran ərazisində aktivlik müşahidə edilib və burada güclü zəlzələlər olub. Avqustun 11-də maqnitudası 6.4, noyabrın 7-də isə maqnitudası 6 olan zəlzələlər baş verib və bu da cənub yaşayış məntəqələrində 4-5 bala qədər hiss olunub.
Baxmayaraq ki, 2013-cü ildə zəlzələlərin sayı artıb, ayrılan seysmik enerjinin sayı 10 dəfədən çox azalıb. 2013-cü ildə bir sıra rayonlarda maqnitudası 4 olan zəlzələlər baş verib və bunlar Samux, Şəki, Quba, Qəbələ rayonlarında qeydə alınıb. Bu onu göstərir ki, seysmik hadisələrin aktivləşməsi baş verir, ayrı-ayrı tektonik quruluşlarda yerdəyişmə var. Bu da hiss olunan 5-7 ballıq zəlzələ şəklində reallaşır. 2012-2013-cü illərdə seysmik aktivləşmə Böyük Qafqaz altında Kür çökəkliyinin yaxınlaşmasının nəticəsidir. Bu proses nəticəsində yalnız uzununa deyil, həm də eninə qırılmalar aktivləşir.
Nəticədə respublika ərazisinin seysmoloji rejiminin analizi əsas seysmoaktiv sahələrin aşkar edilməsinə imkan verib. Bu Böyük Qafqazın cənubi-şərqi hissəsi, əsasən Şamaxı-İsmayıllı zonası, həmçinin Şəki-Zaqatala zonasıdır. Böyük Qafqazın və Kür çökəkliyinin qonşu rayonunda seysmik aktivliyin yeni Qobustan zonası aşkar edilib. Yüksək seysmik aktivlik Talış dağlıq sahəsində və İranın Naxçıvan MR ilə sərhəd olan şimal-qərb ərazisində saxlanılır. Yüksək seysmik aktivlik Xəzər hövzəsinin mərkəzi və şimal hissələrində qeyd edilir.
Dərin qırılmaların aktiv hissələri aşkar edilib. Zəlzələ ocaqlarının mexanizmləri əsasında Böyük Qafqazın Cənub-Şərq hissəsinin ərazisi üçün qırılma üzrə üç tip hərəkət (tərpəniş) müəyyən edilib: yuxarı atılma, yuxarı atılma komponenti ilə yerdəyişmə və soltərəfli yerdəyişmə. Orta kür çökəkliyi ərazisi üçün yuxarı atılma, yerdəyişmə xarakterikdir.
Cənub-Xəzər çökəkliyi akvatoriyasında mexanizmlər iki tipə - yuxarı atılmaya və yerdəyişməyə aiddir. Talış zonası ərazisində qırılma üzrə hərəkət isə yuxarı atılma, yerdəyişmə yuxarı atılma komponenti ilə bağlıdır.