Prezident İlham Əliyev Suraxanı Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

Prezident İlham Əliyev Suraxanı Günəş Elektrik Stansiyasının açılışında iştirak edib İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin "Azalternativenerji" Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.

Son illər ölkəmizin həyatının bütün sahələrində irimiqyaslı layihələr uğurla icra edilir. Həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən energetika sektorunda sürətli inkişafa nail olunub. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin "Azalternativenerji" Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı Günəş Elektrik Stansiyasının yaradılması da bu istiqamətdə görülən işlərin ardıcıl xarakter almasını bir daha sübut edir. Müasir avadanlıqla təchiz olunan stansiyada elektrik enerjisinin istehlakçıya itkisiz çatdırılması üçün bütün imkanlar yaradılıb.
"Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır. Bu, bizim gələcəyə baxışımızdır", - deyən Prezident İlham Əliyev bu sahənin yaradılmasında tarixi işlər görüb.

Qeyd edək ki, ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə dövlətimizin başçısının Fərmanına əsasən 2013-cü ildə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb və bu sahənin inkişafını nəzərdə tutan bir sıra sənədlər imzalanıb, proqramlar qəbul olunub.

Son dövrdə alternativ və bərpa olunan enerjidən səmərəli istifadə, bu sahədə müasir infrastrukturun yaradılması baxımından mühüm işlər görülüb. Bütün bu işlər iqtisadiyyatda və sosial sahələrdə alternativ və bərpa olunan energetikanın tətbiqini genişləndirməyə imkan verib, bu cür enerjinin istehsalı, istehlakı və səmərəliliyi ilə bağlı tədbirlərin həyata keçirilməsinə hərtərəfli şərait yaradıb.

Azərbaycan bərpa olunan və alternativ enerji potensialı ilə zəngin ölkədir. Bərpa olunan və alternativ enerji mənbələrinin payını 2020-ci ilə qədər ümumi enerji istehsalının 20 faizinə çatdırmaq qarşıya məqsəd qoyulub.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov burada görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.
Qeyd edildi ki, stansiyada təlim məntəqəsi fəaliyyət göstərir. Məntəqədə bu ixtisas üzrə təhsil alan tələbələr, həmçinin bu sahənin mütəxəssisləri üçün müxtəlif təlim kurslarının keçirilməsi nəzərdə tutulur. Altı hektar sahədə yaradılan stansiyada 8 min günəş paneli quraşdırılıb. Bu panellər gündə təqribən 12 min kilovat-saat elektrik enerjisi istehsal etmək iqtidarındadır. Gələcəkdə burada daha 4 min belə panelin quraşdırılması nəzərdə tutulur. Bu isə stansiyasının daha səmərəli fəaliyyət göstərməsi üçün geniş imkanlar açacaq.

İnşasına 2014-cü ilin martından başlanılan stansiya mayın 22-dən test rejimində çalışır. Bu müddət ərzində stansiyanın müəyyən qurğuları və onun müxtəlif rejimlərdə, o cümlədən qəza rejimində fəaliyyəti yoxlanılıb.

Dövlətimizin başçısı stansiyasının idarəetmə mərkəzində oldu.

Mərkəzdən Qobustan Hibrid Elektrik Stansiyası, Suraxanı Günəş Elektrik Stansiyası, Biləsuvar qaçqın şəhərciyi, Masallı İdman Kompleksi, həmçinin Bakı şəhərində 5 məktəb və 2 poliklinikanın üzərində quraşdırılan günəş panellərinin fəaliyyətinə nəzarət etmək mümkündür. Yaxın gələcəkdə Sumqayıt, Samux, Səngəçal və Pirallahıda günəş elektrik stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulur. Mövcud stansiyaların fəaliyyəti nəticəsində 4 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub, 1 milyon 300 min kubmetrə yaxın təbii qaza qənaət edilib.

Prezident İlham Əliyevə Suraxanı Günəş Elektrik Stansiyasının göstəriciləri barədə məlumat verildi.

Bildirildi ki, yaradılmasında əsasən yerli xammal və avadanlıqdan istifadə olunan stansiyanın layihə gücü 2800 kilovatdır. Stansiyada illik elektrik enerjisi istehsalı 4 milyon kilovatdır. Stansiya layihə gücü ilə tam işləyəndə il ərzində 1,5 milyon kubmetr qaza qənaət olunacaq.

Sonra dövlətimizin başçısına Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin səyyar laboratoriyasının fəaliyyəti barədə məlumat verildi.
Bu laboratoriya alternativ və bərpa olunan enerji mənbələrinin potensialını müəyyənləşdirmək üçün yaradılıb. Laboratoriya ən müasir və xüsusi avadanlıq, həmçinin avtonom enerji mənbəyi ilə təchiz olunub. Respublikanın müxtəlif yerlərinə aparılan laboratoriyanın köməyi ilə həmin ərazidə günəş, su, külək elektrik stansiyasının quraşdırılmasının səmərəliliyi yoxlanılır. Dövlət Agentliyinin istehsalı olan səyyar günəş generatorları xüsusi əhəmiyyətə malikdir. Günəş panelləri ilə təchiz olunan bu avadanlıq əvəzsiz qurğudur. Avadanlıq günəşdən enerji alaraq onu saxlamaq imkanına malikdir. Agentlik hidrogen generatoru da istehsal edir. Bu qurğu ilə yüksək temperatur əldə etmək və qaz-qaynaq işləri aparmaq olur. Generatoru digərlərindən fərqləndirən onun ekoloji cəhətdən təmiz olmasıdır. Bu cihaz qaynaq işləri zamanı 3500 selsi temperaturla işləyir.

Prezident İlham Əliyev 2020-ci ilədək Azərbaycan Respublikasının alternativ və bərpa olunan enerji mənbələri üzrə inkişaf xəritəsinə baxdı. 2020-ci ilədək Azərbaycanın hər bir şəhər və rayonunda hibrid tipli elektrik stansiyalarının yaradılması qarşıya məqsəd qoyulub. Hazırda hansı bölgədə neçə stansiyanın quraşdırılması ilə əlaqədar araşdırmalar aparılır. Belə stansiyaların yaşayış yerlərinə yaxın yaradılması ilk növbədə, elektrik enerjisi itkisinin qarşısını alacaq və enerjinin istehlakçıya daha ucuz qiymətə çatdırılmasına imkan verəcək. Ümumilikdə, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafını təmin etmək məqsədilə 2020-ci ilədək qoyuluş gücü 2500 meqavat olan elektrik stansiyalarının hesabına ildə 11 milyard kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulur ki, bu da il ərzində 3 milyard kubmetrə yaxın qaza qənaət etmək deməkdir. Araşdırmalar göstərir ki, alternativ və bərpa olunan enerji mənbələri sahəsinə yatırılan investisiyalar 7-8 il ərzində geri qayıdır.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin 2015-ci ilədək inkişaf layihələri ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, respublikanın müxtəlif bölgələrində ümumi qoyuluş gücü 300 meqavat olan elektrik stansiyalarının inşası nəzərdə tutulub.

Buzovna Eko-kənd layihəsi də mühüm əhəmiyyət kəsb edir. Layihənin reallaşması nəticəsində ərazinin elektrik enerjisi ilə təchizatı günəş panelləri hesabına təmin ediləcək. Bu isə elektrik enerjisinin istehsalı zamanı heç bir ekoloji problem yaratmayacaq. "Qobustan 2020" layihəsini isə pilot layihə hesab etmək olar. Layihə "Ağıllı şəbəkə" adlanan sistem vasitəsi ilə reallaşacaq. "Ağıllı şəbəkə" enerji itkisini azaltmaqla yanaşı, həm də istehlakçıya daha keyfiyyətli elektrik enerjisi ötürməyə imkan verəcək. Bu sistem Qobustanda hansısa bir ərazidə qəza baş verərsə, bütün rayonun deyil, məhz həmin ərazinin elektrik enerjisi ilə təchizatını dayandıracaq. Layihənin həyata keçməsi ilə Qobustan rayonu üzrə 212 kilometr elektrik ötürücü xətlərinin qənaətinə imkan yaradılacaq və 94 komplekt transformator məntəqəsi ixtisara düşəcək. Layihə həm də müxtəlif ölçülü 11 su anbarının yaradılmasını nəzərdə tutur. Qobustanda günəş elektrik stansiyaları hesabına boru su kəmərləri vasitəsilə suvarılan torpaqların sahəsini 5 min hektardan 50 min hektara çatdırılması nəzərdə tutulur. Layihə çərçivəsində burada bir sıra iqtisadi, kənd təsərrüfatı və sənaye obyektlərinin inşası planlaşdırılır.

Prezident İlham Əliyevə yolların və yaşayış binalarının işıqlandırılması ilə bağlı avtomatik idarəetmə sistemi barədə məlumat verildi. Bu sistemi reallaşdırmaqda məqsəd günün saatından asılı olaraq yolların və yaşayış binalarının müxtəlif rejimlərdə işıqlandırılmasıdır. Belə ki, sistem yolları avtomobillərin intensivliyinə görə də işıqlandıra bilir. Bunun hesabına isə həm elektrik enerjisinə qənaət olunur, həm də yol istismar xərcləri aşağı düşür. Sistemin özəlliyi ondan ibarətdir ki, onun bütün intellektual proqramları Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində hazırlanıb.
Sonra Prezident İlham Əliyev kollektivlə xatirə şəkli çəkdirdi.

Görülən işlərlə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və göstərişlərini verdi.
Şərhlər
Siyasət bölməsinin xəbərləri