Azərbaycan və Türkiyə təhsil nazirləri diplomların qarşılıqlı tanınması məsələsinə aydınlıq gətiriblər
- 22.05.2013, 16:25,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan və Türkiyə təhsil nazirləri diplomların hər iki ölkədə qarşılıqlı tanınması məsələsinə aydınlıq gətiriblər.
APA-nın xəbərinə görə, Türkiyənin təhsil naziri Nəbi Avcı bildirib ki, diplomların qarşılıqlı tanınması məsələsi Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ilə Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya arasında keçirilən görüşdə müzakirə edilib. O deyib ki, gələcəkdə diplomların tanınmasında heç bir problem qalmayacaq.
Nazir qeyd edib ki, Azərbaycandan Türkiyəyə, Türkiyədən isə Azərbaycana təhsil almağa gedəcək tələbələrin, eləcə də ixtisasların sayının artırılması üçün iş aparılır. O, gələcəkdə qarşılıqlı tələbə mübadiləsinin davam edəcəyini söyləyib: “Mövlanə Mübadilə Proqramı gələcək illərdə Qafqaz Universitetləri Birliyinə üzv olan ölkələr arasında həyata keçiriləcək. Bu proqram çərçivəsində tələbələr və müəllimlərin qarşılıqlı mübadiləsi daha da yaxşılaşacaq”.
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov də məsələyə münasibət bildirib. O qeyd edib ki, ali təhsil sahəsindəki problemlərin həlli, gələcək inkişaf perspektivləri həm Türkiyənin təhsil naziri Nəbi Avcı, həm də Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya ilə keçirilən görüş zamanı müzakirə edilib: “Ümid edirəm ki, bu müzakirələrin nəticəsi təhsil ocaqlarının fəaliyyətinə öz müsbət təsirini göstərəcək. Gələcək planlar barədə Türkiyə ilə müəyyən razılıq əldə olunub”.