Prezident İlham Əliyev Taxtakörpü-Ceyranbatan kanalından suyun yeni suvarılan torpaqlara verilməsi üçün suburaxıcı qurğunun təməlinin qoyulmasında iştirak edib

Prezident İlham Əliyev Taxtakörpü-Ceyranbatan kanalından suyun yeni suvarılan torpaqlara verilməsi üçün suburaxıcı qurğunun təməlinin qoyulmasında iştirak edib Taxtakörpü-Ceyranbatan kanalından suyun yeni suvarılan torpaqlara verilməsi üçün suburaxıcı qurğunun təməli qoyulub.
Trend AzərTAc-a istinadən xəbər verir ki, iyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızı rayonuna səfəri çərçivəsində Taxtakörpü-Ceyranbatan kanalından suyun yeni suvarılan torpaqlara verilməsi üçün suburaxıcı qurğunun təməlinin qoyulması mərasimində iştirak edib.
Başlanğıcını Azərbaycan ilə Rusiya sərhədində Samur çayından götürən və uzunluğu 182 kilometr olan Samur-Abşeron kanalı hazırda respublikanın şimal bölgəsi rayonlarının 150 min hektara yaxın torpaq sahəsini suvarma suyu və Bakı, Sumqayıt şəhərlərini, habelə Abşeron yarımadasını içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı kompleks su təsərrüfatı obyektidir.
"Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinə daxil olan Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının, Taxtakörpü su anbarının Su Elektrik Stansiyası ilə birlikdə tikintilərinin beynəlxalq maliyyə qurumlarının krediti və Dövlət Neft Fondunun vəsaiti hesabına 2013-cü ildə başa çatdırılması respublikamızın şimal bölgəsi rayonlarında və Abşeron yarımadasında 150 min hektara yaxın mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 30 min hektar yeni torpaq sahələrini suvarma suyu ilə təmin etməklə onların kənd təsərrüfatı dövriyyəsinə cəlb olunmasına şərait yaradıb. Buna görə də Prezident İlham Əliyevin tapşırığına əsasən həmin layihənin icrası davam etdirilir.
Dövlətimizin başçısı Samur-Abşeron kanalını qidalandırmaq üçün şimal çaylarında sugötürücü və nəqletmə qurğularının tikintisi, Şabran, Siyəzən, Xızı rayonları üzrə suvarılacaq torpaq sahələrinin planı, Samur-Abşeron suvarma sistemi zonasında həmin rayonlardakı mövcud suvarılan torpaqlarda su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi, həmçinin Samur-Abşeron kanalı sistemi üzrə mövcud və yeni suvarılan torpaqların planı ilə tanış oldu.
"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə məlumat verdi ki, Taxtakörpü su anbarının istifadəyə verilməsi ilə əlaqədar layihə zonasında yerləşən rayonlarda yeni suvarılan torpaqların müəyyənləşdirilməsi ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırıqların icrasına əsasən aparılan araşdırmalar nəticəsində "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsi zonasında 30 min 153 hektar, o cümlədən Şabran rayonunda 13 min 678, Siyəzən rayonunda 7 min 962 və Xızı rayonunda 8 min 513 hektar yeni suvarılan torpaq sahələri müəyyən edilib.
Beynəlxalq məsləhətçilər tərəfindən "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinin davamı olaraq Xızı, Siyəzən və Şabran rayonlarında yeni suvarılan torpaqların istifadəyə verilməsi üçün mütərəqqi suvarma texnikasının tətbiqi ilə meliorativ tədbirlərin, eləcə də mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılmasının layihə sənədləri hazırlanıb. Birinci növbədə Xızı rayonunun inzibati ərazisi üzrə yeni suvarılan torpaqların istifadəyə verilməsi üçün meliorativ tədbirlərin layihə sənədləri tamamlanaraq tikintiyə hazırlıq işlərinə başlanılıb. Siyəzən rayonu üzrə layihə sənədlərinin hazırlanması başa çatmaq ərəfəsindədir. Şabran rayonunda isə bu işlər davam etdirilir.
Layihəyə əsasən Xızı rayonu üzrə yeni suvarılan torpaq sahələri dəqiqləşdirilərək, onun 9609 hektar və su təminatı yaxşılaşdırılacaq mövcud əkin sahələri 2970 hektar olmaqla cəmi 12 min 579 hektar müəyyən edilib. Layihədə yeni inşa olunmuş Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun mövcud və yeni suvarılan torpaq sahələrinə verilməsi üçün ümumi uzunluğu 261,4 kilometr, o cümlədən 194,5 kilometr qapalı və 66,9 kilometr açıq suvarma şəbəkələrinin tikintisi nəzərdə tutulur. Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə 630 hektar sahədə qapalı drenaj şəbəkəsi layihələndirilib.
Bildirildi ki, cari ildə Dövlət Neft Fondundan "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinə ayrılmış vəsait hesabına Xızı və Siyəzən rayonlarında yeni suvarılan torpaqlarda meliorativ tədbirlərin aparılmasına başlanılıb. Birinci mərhələdə Xızı rayonunun 3396 hektar yeni suvarılacaq torpaq sahələrində bu işlərin tamamlanması nəzərdə tutulur.
Eyni zamanda, Dövlət Neft Fondunun vəsaiti hesabına Samur-Abşeron kanalının 50-ci kilometrliyində yerləşən Qusarçay, Qudyalçay, Quruçay, Ağçay, Qaraçay və Caqacuqçay şimal çaylarından sugötürücü və nəqledici kanalların tikintisinin layihə sənədləri hazırlanaraq cari ildə Qusarçay və digər iki çayda tikinti işlərinə başlanıb. Bu tədbirin başa çatması ilə Samur-Abşeron kanalına orta sulu illərdə əlavə 322 milyon kubmetrdən çox suyun verilməsinə, bununla da bu çayların zonasında yerləşən mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılmasına imkan yaranacaq.
Prezident İlham Əliyev Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun yeni suvarılan torpaqlara verilməsi üçün suburaxıcı qurğunun təməlini qoydu.
Dövlətimizin başçısı bölgə üçün çox mühüm əhəmiyyət kəsb edən layihənin yüksək səviyyədə icrası ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Şərhlər
Siyasət bölməsinin xəbərləri