Bakıda 2017-ci ildə keçiriləcək IV İslam Həmrəylik Oyunlarının əsas şüarı seçilib
- 23.05.2013, 12:45,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan paytaxtı dördüncü İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməyə tam hazırdır. Trend-in məlumatına görə, bunu İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Baş katibi Feysəl Əbdüləziz Əl-Nəssar cümə axşamı Bakıda keçirilən mətbuat konfransında bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi (GİM) və İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) birgə mətbuat konfransı keçiriblər. Mətbuat konfransının mövzusu, Bakı şəhərinin 2017-ci ildə keçiriləcək dördüncü İslam Həmrəylik Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürülməsi olub.
Feysəl Əbdüləziz Əl-Nəssar bildirib ki, 2017-ci il IV İslam Həmrəyliyi oyunları ilə bağlı İHİF-in Dəyərləndirmə Komissiyası qərara gəlib ki, Bakıda bu oyunların keçirilməsi üçün hər cür şərait var, bu oyunların təşkili üçün gözəl şərtlər mövcuddur:
"Ümid edirik ki, Bakı oyunların keçeirilməsi üçün namizəd şəhər kimi təsdiq olunacaq".
Əl-Nəssar İslam oyunlarında hicab və baş örtüyündən istifadə qaydaları ilə bağlı suala cavab olaraq bildirib ki, bu oyunlarda bütün iştirakçıların müsəlman olması vacib deyil, bu oyunlarda qeyri-müsəlmanlar da iştirak edə bilərlər. Baş örtüyünə gəlincə, burada Olimpiya qaydalarına riayət olunur:
"Bəzi idman növlərində hicaba icazə verilir və hicab geyinilir , burada idmançıların öz seçiminə buraxılır, amma elə idman növləri var ki, həmin idman növü üzrə beynəlxalq federasiyalar buna icazə vermirlər".
Gənclər və idman naziri Azad Rəhimov isə bildirib ki, Bakının IV İslam Həmrəylik oyunlarına ev sahibliyi etməsi məsələsi iyulun 21-də Ciddə şəhərində keçirəcək Baş Assambeleyanın konqresində məlumat olacaq.
Nazirin sözlərinə görə, Azərbaycanda mövcud və tikilməkdə olan idman obyektləri həm Avropa Olimpiya oyunlarının, həm də İslam Həmrəylik Oyunlarının keçirilməsinə tam imkan verir.
Mətbuat konfransı zamanı MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirdi ki, Bakının ev sahibliyi təsdiq olunarsa, IV İslam Həmrəylik Oyunlarının 23 iyun - 2 iyul 2017-ci il tarixlərində keçirilməsi planlaşdırılır.
57 ölkəni təmsil edən idmançıların qatılacağı Bakı-2017 IV İslam Həmrəylik Oyunlarının əsas şüarı "Həmrəylik bizim gücümüzdür" seçilib.
Onun sözlərinə görə, Azərbaycan bu oyunlarda 160-dan artıq idmançı ilə iştirak edəcək. Əgər Bakının ev sahibliyi təsdiq olunarsa, oyunlar zamanı Olimpiya və qeyri-olimpiya idman növləri ilə yanaşı milli idman növü olan zorxana üzrə də yarış keçiriləcək.
Qeyd edək ki, İHİF 57 ölkəni özündə birləşdirən bir təşkilat olmaqla yanaşı , İslam Həmrəyliyi Oyunlarını istiqamətləndirən və ona nəzarət edən bir qurumdur. İslam ölkələri arasında əməkdaşlıq, dostluq və həmrəyliyi gücləndirmək məqsədi daşıyan oyunlar hər 4 ildən bir keçirilir.
İlk İslam Həmrəyliyi Oyunları 2007-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Bu ilin sentyabrında keçiriləcək III İslam Həmrəyliyi Oyunlarına isə İndoneziya ev sahibliyi edəcək.
Qeyd edək ki, Bakı İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürmüş yeganə şəhərdir.