Rövnəq Abdullayev: “Bu qələbə qarabağlılar üçün bir məlhəm oldu”
- 23.07.2014, 21:10,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bu, böyük qələbədir. Bu nəticə Çempionlar Liqasında klublarımız üçün yeni rekord oldu”. APA-nın məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində baş tutan “Qarabağ” (Azərbaycan) – “Valletta” (Malta) qarşılaşmasını stadiondan izləyən qurum başçısı oyundan sonra jurnalistlər üçün brifinq keçirib. Abdullayev matçla bağlı fikirlərini bildirib: “Böyük hesablı qələbənin əldə edilməsi münasibəti ilə futbolsevərləri təbrik edirəm. İnanıram ki, “Qarabağ” növbəti mərhələni də adlayacaq. Təmsilçimizin qrup mərhələsinə yüksələcəyinə inanıram. Onlar Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaqla da rekord vuracaqlar”.
AFFA prezidenti bəzi epizodlarda rəqib komandanın üzvlərinin futbolçularımıza qarşı kobud, aqressiv oynamasına da münasibət bildirib: “Futbolda belə şeylər olur. Uduzan komanda adətən cığallıq edir. Ancaq buna baxmayaraq, “Qarabağ” həm səfərdə, həm də evdə yaxşı oyun nümayiş etdirdi”.
Abdulalyev qələbənin Ağdamın işğal günündən bir gün əvvəl qazanılmasına da toxunub: “Bayaq futbolçularla görüş zamanı da bu məsləyə toxunduq. Ağdamın icra başçısı da oyunu izləyirdi. Bu qələbə qarabağlılar, ağdamlılar üçün bir məlhəm oldu. Buna görə futbolçulara çox sağ olun, deyirəm”.
Gələn həftə Avstriya çempionu “Zalsburq”la oyunda da stadionda olduğunu bildirən AFFA prezidenti həmin görüş haqda da danışıb: “Mütləq həmin oyuna da gələcəyəm. Rəqib Avstriya çempionudur. Güclü komandadır. “Qarabağ” bu mərhələni də keçmək üçün ciddi hazırlaşacağını düşünürəm”.
Abdullayev onu narazı salan məqamdan da danışıb: “Açığı, azarkeşlərdən narazıyam. Komanda 4:0 hesabı ilə qələbə qazanır, artıq 76-cı dəqiqədən başlayaraq azarkeşlər stadionu tərk edir. Halbuki oyunun ən maraqlı anlarıdır. Dünya çempionatı uduzan yığmalara azarkeşlərinin necə dəstək verdiyini ortaya qoydu. Biz isə qələbə qazandığımız matçı sona qədər izləmir, yarımçıq çıxıb gedirik”.
Bu həftə Avropa Liqasında baş tutacaq qarşılaşmalarda Bakı klubları “Neftçi” və “İnter” də qüvvəsini sınayacaq. AFFA prezidenti onların da çıxışına toxunub: “İnter” səfərdə qələbə qazanıb. Doğma meydanda da bu üstünlüyü qoruyacağına inanıram. “İnter”in də Avropa Liqasının qrupuna düşmək şansı böyükdür. “Neftçi” isə doğma meydandakı məğlubiyyətin əvəzini çıxa bilsə, bu nəticələr futbolumuz adına böyük irəliləyiş, uğur olacaq”.
Abdullayev prezidenti olduğu ARDNŞ-ın sponsorluq etdiyi “Neftçi”nin Sloveniya “Koper”i ilə oyununu izləməməyinin səbəbini də açıqlayıb: “Sponsorluq etmək hansısa kluba azarkeşlik etmək deyil. Mən Azərbaycan futbolunun azarkeşiyəm. Düzdür, bir müddət “Neftçi”nin prezidenti oldum, amma indi bu klubun rəhbəri deyiləm. Sponsorluq etmək isə şirkət rəhbəri kimi bizim borcumuzdur”.