Prezident İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşası davam etdirilən yol-nəqliyyat infrastrukturunun tikintisi ilə tanış olub
- 24.07.2014, 18:54,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İyulun 24-də Azərbaycan Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşası davam etdirilən yol-nəqliyyat infrastrukturunun tikintisi ilə tanış olub.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunun birinci hissəsində tikinti işləri qrafik üzrə davam etdirilir. Layihə çərçivəsində işlərin böyük hissəsi görülüb. Çəkilən yolun ümumi uzunluğu 17 kilometrdir və onun hərəkət hissəsi 4-6 zolaqlı olacaq. Növbəti mərhələdə 3 körpünün inşası nəzərdə tutulur.
Qeyd edildi ki, birinci körpünün uzunluğu 205 metr, ikinci körpünün uzunluğu 162 metr, piyadalar üçün nəzərdə tutulan üçüncü körpünün uzunluğu isə 115 metr olacaq. Bundan başqa, ərazidə uzunluğu 900 metrə yaxın olan piyada keçidi inşa ediləcək, yol üzərində iki tunel tikiləcək.
Dövlət başçısına Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunun ikinci hissəsində görüləcək işlərlə də bağlı məlumat verildi. Diqqətə çatdırıldı ki, layihə çərçivəsində ümumi uzunluğu 5 kilometrə yaxın olan yol çəkiləcək. Bu yol üzərində bir körpü və iki tunel tikiləcək. Tuneldən keçən yollar Bakı Olimpiya Stadionu ilə Olimpiya şəhərciyini birləşdirəcək.
Sonra Prezident İlham Əliyevə 18 kilometrlik Bilgəh-Novxanı-Şamaxı-M4 birləşməsi avtomobil yolunun yol qovşaqlarının və piyada keçidlərinin tikintisi barədə məlumat verildi.
Azərbaycan Prezidenti inşaat işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıqlarını verdi.