Xanlar Vəliyev: “Silahlı Qüvvələrdə törədilən cinayətlərin qarşısının alınması məqsədi ilə tədbirlər planı hazırlanıb”
- 25.07.2014, 18:46,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Silahlı birləşmələrdə qulluğa səhlənkar yanaşma, mülkiyyət əleyhinə cinayətlər və qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri artıb.
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Respublika Hərbi Prokurorluğunda 2014-cü ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirib.
O, qeyd edib ki, əvvəlki hesabat dövrü ilə müqayisədə 2014-cü ilin birinci yarısında qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlər konkret olaraq tabelik qaydası əleyhinə, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, maşınları idarəetmə və istismar qaydalarını pozma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə, eləcə də qəsdən adam öldürmə, özünü öldürmə həddinə çatdırma cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb. Hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərk etmə faktları ümumiyyətlə qeydə alınmayıb. Qeydə alınmış cinayətlərin 99,9 faizi, o cümlədən bütün ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub.
X. Vəliyev qeyd edib ki, bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı, sağlam və işgüzar əlaqələrinin yaranmasının, habelə təsdiq olunmuş plan əsasında həyata keçirilən birgə tədbirlərin çox böyük əhəmiyyəti olub. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə qulluğa səhlənkar yanaşma, mülkiyyət əleyhinə cinayətlər və qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri artıb.
Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qəsdən adamöldürmə, özünü öldürmə həddinə çatdırma, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətlərinin qarşısının alınması üçün Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə həmin cinayətlərin məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilməklə müzakirə edilib. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Silahlı Qüvvələrdə törədilən cinayətlərin qarşısının alınması məqsədi ilə Müdafiə Nazirliyi və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilib və icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
X. Vəliyev vurğulayıb ki, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılan digər silahlı birləşmələrdə qəsdən və ehtiyatsızlıqdan adam öldürmə, özünü öldürmə, eləcə də düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət almış və ya öldürülmüş, habelə xəstəliklə bağlı və ya avtoqəza nəticəsində baş vermiş ölüm hadisələri ilə əlaqədar hər bir fakt üzrə Respublika Hərbi Prokurorluğu tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılır və istintaq hərəkətləri aparılmaqla cinayət törətmiş şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunur.