Gürcüstanın xarici işlər naziri “Neftçi” – “Çixura” matçında baş verənləri təxribat adlandırıb

Gürcüstanla Azərbaycan arasında dostluq münasibətlər var və bu münasibətlərə heç kim xələl gətirə bilməz.

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Gürcüstan xarici işlər naziri Maya Pancikidze “Neftçi” – “Çixura” futbol matçı zamanı azarkeşlər arasında baş vermiş insidenti şərh edərkən deyib.

“Fikrimcə, bu, düşünülmüş təxribat olub. Təxribatçılar öz məqsədlərinə çatmayacaq”, - deyə o vurğulayıb.

Xatırladaq ki, iyulun 31-də Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakının “Neftçi” və Gürcüstanın “Çixura” futbol komandaları arasında keçirilən oyunda Gürcüstandan gəlmiş bəzi azarkeşlər tərəfindən təxribat törədilməsinə cəhd edilib. Onlar oyunun keçirildiyi "Bakcell Arena" stadionunda Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar.

Bu isə yerli azarkeşlərin kəskin etirazına səbəb olub, nəticədə qarşıdurma yaranıb. Polis əməkdaşları tərəfindən görülmüş operativ tədbirlər nəticəsində hadisənin kütləvi iğtişaşa çevrilməsinin qarşısı alınıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri