Astarada “Kazir” ləqəbli it cinayətin üstünü açdı

Respublikamızın gömrük orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri istiqamətində daha bir narkotik qaçaqmalçılığının qarşısını alıblar.

ANS-in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından gələn İran İslam Respublikasının vətəndaşları Fathi Saleh Gholam və Assadi Rasoul Bahloulun idarə etdikləri “Volvo B72R” markalı, İR 17392 dövlət nömrə nişanlı sərnişin avtobusu gömrük nəzarətindən keçirilərkən “Kazir” ləqəbli kinoloji xidmət itinin reaksiyasına əsasən salondakı 29, 33, 36, 37, və 40 nömrəli oturacaqların hər birinin arxa üzlüyünün aşağı hissəsində alt tərəfdən xüsusi olaraq yerləşdirilib gömrük nəzarətindən gizlədilmiş, qara rəngli izolizasiya lenti ilə sarınmış 4 ədəd plastik butulka və 1 ədəd plastik borunun içərisindən 12 bağlamada külli miqdarda, ümumi xalis çəkisi 3 kiloqram 925 qram həşiş qətranı, 3 bağlamada külli miqdarda, ümumi xalis çəkisi 236,148 qram tiryək, 2 bağlamada ümumi xalis çəkisi 186,19 qram heroin və 1 bağlamada şəxsi istehlak miqdarından artıq miqdarda xalis çəkisi 0,125 qram metadon narkotik vasitələri aşkar edilərək götürülmüşdür.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb. Fathi Saleh Gholam və Asadi Rasoul Bahloul şübhəli şəxs qismində saxlanılıb. Cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılmış, dindirmələr keçirilmiş və məlum olmuşdur ki, aşkarlanan narkotik vasitələri digər bir İran İslam Respublikasının vətəndaşı Zomorrodnia Edris Aga Karim sərnişin avtobusuna gizli olaraq yerləşdirmiş, Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış sübutlarla kifayət qədər təsdiq edildiyindən Zomorrodnia Edris Aga Karim şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə Zomorrodnia Edris Aga Karima ittiham elan edilmiş və Bakı şəhər Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı olan digər şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri