Yol polisi avqustun 2-dən avtomobilini texniki baxışdan keçirməyənlərə qarşı reydlərə başlayacaq
- 02.08.2014, 01:14,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avqustun 2-dən etibarən Azərbaycanda xarici istehsallı avtomobilləri və MDB ölkələrində onların bazasında buraxılan modelləri texniki baxışdan keçirməyən sürücülərə qarşı reydlərə başlayacaq. Texniki baxışdan keçməyən avtomobil sahibləri, fiziki və hüquqi şəxslər qanunvericiliyə əsasən məsuliyyətə cəlb olunacaqlar.
Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Şöbə rəisi xarici istehsallı avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı vaxtın uzadılması məsələsinə bir daha aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycanda xarici istehsallı avtomobillərin və MDB ölkələrində onların bazasında buraxılan modellərin texniki baxışdan keçmə müddəti avqustun 15-dək deyil, cəmi 1-2 gün uzadılılıb.
K.Əliyev qeyd edib ki, texniki baxışdan keçməyən sürücülər və avtomobil sahibləri yalnız bu iki gün ərzində inzibati məsuliyyətə cəlb edilməyəcək, cərimə olunmayacaqlar: "Avqustun 1-də texniki baxışdan keçmə vaxtı tamam olub. Sadəcə texniki baxışdan keçməyən xarici markalı avtomobil sürücülərinə 1-2 gün vaxt verilib. Yəni onlara imkan verilib ki, bu iki gün ərzində avtomobili texniki baxışdan keçirsinlər. Vaxtın daha çox uzadılmasından isə söhbət gedə bilməz. Texniki baxışdan keçməyən avtomobilin sürücüsünün məsuliyyətə cəlb olunmasına gəlincə, bu iki gün ərzində avtomobilini texniki baxışa təqdim olunmağa çatdırmayan sürücülər cərimə olunmayacaqlar. Amma bu o demək deyil ki, o şəxslər avtomobili texniki baxışdan keçirmək əvəzinə gedib kənarda onu sürməlidir. Yəni yalnız bu iki gün ərzində texniki baxışa gedən sürücülər məsuliyyətə cəlb olunmayacaq".
Qeyd edək ki, avqustun 1-də BDYPİ-dən Trend-ə bildirmişdilər ki, texniki baxışdan keçmək istəyən avtomobillərin çoxluğunu və yaranmış növbələri nəzərə alaraq, xarici istehsallı avtomobillərin və MDB ölkələrində onların bazasında buraxılan modellərin texniki baxışdan keçmə müddəti avqustun 15-dək uzadılıb.
Xatırladaq ki, qanunvericiliyə görə Azərbaycanda nəqliyyat vasitələrinin markaları nəzərə alınmaqla texniki baxış müddəti aşağıdakı kimi müəyyən edilib:
- "VAZ", "QAZ", "Moskviç", "ZAZ", "UAZ" markalı və digər MDB istehsalı olan minik avtomobilləri üçün: 01 yanvardan 01 maya qədər;
- Xarici dövlətlərdə və onların baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobilləri üçün: 01 maydan 01 avqusta qədər;
- Yük avtomobilləri və avtobuslar üçün: 01 sentyabrdan 31 oktyabra qədər.
Texniki baxışdan keçməməyə görə inzibati cərimə fiziki şəxslər üçün 50 manat, vəzifəli şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün isə 300 manatdır. Əgər sürücü cərimələnibsə, o, 10 gün ərzində avtomobili texniki baxışdan keçirməlidir və bu müddət ərzində onu təkrar cərimələyə bilməzlər.