Yaxın gələcəkdə Bakı metrosunun "Yaşıl xətt"lə "Qırmızı xətt"in bir-birindən ayrılması prosesi həyata keçiriləcək

Yaxın gələcəkdə Bakı metrosunun "Yaşıl xətt"lə "Qırmızı xətt"in bir-birindən ayrılması prosesi həyata keçiriləcək Yaxın gələcəkdə Bakı metrosunun "28 may" stansiyasında "Yaşıl xətt"lə "Qırmızı xətt"in bir-birindən ayrılması prosesi həyata keçiriləcək. Bundan sonra qatarlar hər iki xətt üzrə bir-birindən ayrı şəkildə, müstəqil hərəkət edəcəklər. Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Şöbə rəisinin sözlərinə görə, 2030-cu ilədək Bakı Metropolitenində stansiyaların sayı 76-dək artırılacaq: "Hazırda metroda 23 stansiya var. Yəni hələ 53 stansiya da tikilib istifadə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarət olacaq. Bunlar "Yaşıl", "Qırmızı", "Sarı", "Bənövşəyi" və "Mavi" xətlərdir. Bütün stansiyaların tikintisi 2030-cu ilədək başa çatmalıdır".

Onun sözlərinə görə, "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq çəkiləcək yeni inşa edilən xətlərin hər birində qatarların hərəkət istiqaməti ayrı olacaq, onlar hazırda "28 may" stansiyasında olduğu kimi bir-biri ilə kəsişməyəcək: "Hazırda "Yaşıl xətt" "Xətai" stansiyasından başlayaraq "Dərnəgül" stansiyasınadək davam edir. Bu iki xətt bir-birindən ayrılandan sonra kimsə "Dərnəgül"də oturub birbaşa "Gəncliyə" gedə bilməyəcək. O, mütləq "28 may" stansiyasından "Cəfər Cabbarlı"ya keçid edib digər qatara minib getməlidir. Yəni "Dərnəgül"də minən şəxs heç bir stansiyada keçid etmədən yalnız "Xətai"dək gedə bilər".
N.Paşayev qeyd edib ki, "Yaşıl xətt" üzrə yeni stansiyalar inşa edilir. Hazırda "Həzi Aslanov-2" stansiyası tikilir. Artıq orada işlərin müəyyən hissəsi görülüb: "Xətai" stansiyasından sonra "Ağ şəhər"də, indiki Neft Emalı Zavodunun qarşısında yeni stansiya tikiləcək. Ümumilikdə, Nobel prospekti boyunca "Xətai"dən sonra 3 stansiyamız olacaq. Gələcəkdə isə "Həzi Aslanov-2"-dən sonra birbaşa yenidən "Dərnəgül"ə qədər stansiyalar tikiləcək və "Yaşıl xətt" dairəvi olacaq. Yəni qatara "Dərnəgül"də minib dövrə vurub yenidən "Dərnəgül"də dayanmaq mümkün olacaq. Ümumilikdə, "Yaşıl xətt" boyu 10 keçid stansiyası olacaq".
O, həmçinin bildirib ki, hazırda metronun "Qırmızı xətt"i "Həzi Aslanov" stansiyasından başlayır və "İçərişəhər"də bitir. Lakin "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə əsasən, "Qırmızı xətt" Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinə qədər uzanacaq. Yəni gələcəkdə "İçərişəhər"dən sonra Badamdara qədər 4 stansiya inşa ediləcək.

"Bənövşəyi xətt"də də hazırda tikinti işləri gedir. "Bənövşəyi xətt" üzrə tikilən yeni "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarında tikinti işlərinin əsas hissəsi başa çatıb. Daha sonra gələcəkdə bu xəttin də davamı olaraq paytaxtın "Papanin" adlanan ərazisində şərti adı B-3, (B - yəni bənövşəyi) olan yeni stansiya, daha sonra Heydər Əliyev adına İdman və Konsert Kompleksinin arxasında, Tbilisi prospektinə paralel B-4 stansiyası tikiləcək. Hazırda bu stansiyalarda da tikinti işləri gedir. "Bənövşəyi xətt" üzrə ümumilikdə 12 stansiya və bir depo olacaq. "Bənövşəyi xətt" Beynəlxalq Avtovağzalın yanından başlayaraq "Xətai" stansiyası və Keşlə qəsəbəsindən keçməklə Qaraçuxur qəsəbəsinədək uzanacaq.
"Mavi xətt" isə Yeni Yasamaldan başlayaraq Keşlə qəsəbəsindən keçməklə Bakıxanov qəsəbəsinədək davam edəcək. Bu xətt üzrə 11 stansiya və bir depo olacaq.

Beşinci, "Sarı xətt" isə Binəqədi qəsəbəsindən başlayaraq Bibiheybət qəsəbəsinədək uzanacaq. Binəqədi ərazisindən başlayıb Şıx çimərliyinə kimi uzanacaq yeni "Sarı xətt"in üzərində bir neçə stansiyanın tikilməsi planlaşdırılır. Şərti adı "Bibiheybət" olan stansiyanın da həmin xəttin üzərində tikilməsi nəzərdə tutulur.
N.Paşayev yeni stansiyalarda qatarlarda vaqonların sayı və orada kondisioner sisteminin olub-olmaması məsələsinə də aydınlıq gətirib: "Yəni xətlərdəki qatarlarda 7 vaqon hərəkət edə biləcək. Lakin ilkin mərhələdə qatarlara 5 vaqon qoşulacaq və məhz yeni xətlərdə vaqonlarda kondisioner sistemi olacaq. Köhnə tunellər isə əsasən Sovet dövründə köhnə sistemlə inşa edildiyindən burada kondisioner sisteminin tətbiq edilməsi təhülkəsizlik baxımından hələlik məqsədəuyğun hesab edilmir".

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC ilə Fransanın "Alstom Transport SA" şirkəti arasında imzalanmiş memoranduma əsasən, Bakı Metropoliteninin istər yeni inşa olunan "Bənövşəyi", istərsə də köhnə ("Yaşıl" və "Qırmızı") xətlərində istifadə edilməsi üçün yeni, müasir tipli vaqonların alınması planlaşdırılır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri