Azərbaycanda magistraturaların boş qalan plan yerlərinə qəbul başlayıb
- 04.08.2014, 14:56,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gündən Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul başlayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul martın 2-də və mayın 25-də keçirilmiş iki mərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Ali təhsil müəssisəsinin magistraturasına qəbul olunub qeydiyyatdan keçən bakalavrların boş qalan plan yerlərinə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.
Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 4 avqust saat 10.00-dan 11 avqust saat 10.00-dək TQDK-nın internet saytına daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər. Ərizəni təsdiq etmək üçün bakalavrlar TQDK-nın yeni virtual ödəmə kartını almalı və ixtisaslaşma seçimini təsdiq etmək üçün həmin kartın şifrindən istifadə etməlidirlər.
Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr bu siyahıdan imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq 20-dək ixtisaslaşma kodunu seçə bilər. Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir. Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.