Lavrov: Dağlıq Qarabağ münaqişəsi üzrə kompromisə gəlmək üçün Ermənistan və Azərbaycana köməyi təkid və səylə davam etdirmək lazımdır

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi tərəflərinin nizamlamanın siyasi prinsiplərinin ifadə edildiyi sənədi qəbul etməsi üçün xeyli səy göstərir. Trend-in bazar ertəsi İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağda təmas xəttində baş verənlər şübhəsiz ki, narahatlıq doğurur: "Tərəflər bir-birini təxribatçı hərəkətlərdə günahlandırır, bu, əvvəllər də olub və təəssüf ki, biz uzun illərdir vaxtaşırı bu cür gərginlikləri müşahidə edirik. Lakin bu dəfə bütün bunlar kəskin qəbul edilir və təqdim edilir. Çoxsaylı insanlar ölüb və biz digər ölkələr, o cümlədən Minsk qrupunun həmsədrləri - Rusiya ilə yanaşı, ABŞ və Fransa ilə birlikdə tərəfləri maksimum təmkinli olmağa dəvət etdik, növbəti zorakılığın yaranmasına gətirib çıxara biləcək hər hansı fəaliyyətə yol verməməyə çağırdıq".
S. Lavrov qeyd edib ki, bu həftənin sonunda Soçidə Vladimir Putinin Ermənistan, sonra isə Azərbaycan Prezidenti ilə ayrı-ayrı görüşü nəzərdə tutulub: "Onların hamısı bir yerdə olan zaman görüş yəqin ki, Dağlıq Qarabağ haqqında danışıqsız ötüşməyəcək. Bunun necə təşkil ediləcəyi bizim özümüzdən asılıdır".
Rusiya XİN rəhbəri qeyd edib: "Əlbəttə ki, biz Minsk qrupu və həmsədrlər tərəfindən ilk növbədə etimadın möhkəmləndirilməsinə və qarşıdurma risklərinin azaldılmasına necə kömək etmək barədə Azərbaycan və Ermənistandan olan tərəfdaşlarımızla danışacağıq".
Onun sözlərinə görə, münaqişə hər iki tərəfdən olduqca emosional qəbul edilir: "Biz Minsk qrupunun həmsədr ölkələrindən biri kimi amerikalı və fransalı tərəfdaşlarımızla birlikdə nizamlanmanın siyasi prinsiplərinin əks olunduğu sənədin bağlanmasına hələ mane olan bir neçə məsələnin həllinə kömək etməyə, tərəflərin özlərinə məqbul paketi formalaşdırmaları məqsədilə bu bir neçə məsələni şərti sazişə çevirməyə xeyli səy göstəririk".
Nazir vurğulayıb ki, münaqişənin nizamlanması zamanı əldə rəhbər tutula biləcək prinsiplərin əks olunduğu belə siyasi bəyanatın qəbul edilməsi ab-havanın normallaşmasına yardım edə bilər: "Bunu etmək asan deyil, buna cəhdlər çox olub və hər dəfə vacib mərhələyə çatdığımızı, razılığa gəlindiyini düşünəndə nə isə mane olurdu. Buna görə də proqnoz verməyəcəyəm".
O, hər bir tərəf üçün rahat ola biləcək formullar tapmaq üçün ermənilərə və azərbaycanlılara təkid və səylə köməyi davam etdirməyin vacibliyinə diqqət çəkib: "Daha əvvəl Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin birində etimad tədbirlərinin gücləndirilməsinin vacibliyinin qeyd olunduğu bəyanat razılaşdırılmışdı. Əgər hər hansı atışma olursa, həmin vaxt ölənlərin, əsirlərin mübadiləsini aparmaq və təmas xəttində vəziyyəti sakitləşdirə biləcək hər hansı əlavə addımları razılaşdırmaq lazımdır".
Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digər kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri