Təhsil Nazirliyi: Liseylərinin bağlanması ilə bağlı ortaya çıxan problemlərin hamısı diqqət mərkəzindədir

“Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin fəaliyyəti dayandırılan ümumtəhsil müəssisələrinin şagirdlərin arzu etdikləri digər təhsil müəssisələrində yerləşdirilməsi üçün bütün zəruri tədbirlər görülür”.

Bunu APA-ya Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib. Şöbə müdiri bildirib ki, nazirlik bu məsələdə icraçı təşkilatdır: “Həmin şagirdlərin yerləşdirilməsi ilə bağlı nazirlikdə müvafiq işçi qrupu yaradılıb, yerlərdə valideynlərlə görüşlər keçirilib. Onlar yaşadıqları yerə yaxın və ya uzaq, o cümlədən Bakıda oxumaq istədikləri halda istədikləri lisey və gimnaziyaya yerləşdirilir”.

Həmin şagirdlərin bəzi məktəblərdə əlavə imtahanlara cəlb olunmasına gəlincə, A.Əhmədov qeyd edib ki, bununla bağlı nazirliyə də müəyyən müraciətlər daxil olub: “Belə ki, şagird bəzi məktəblərə sənədini təqdim edir, lakin onun bir neçə fəndən qiyməti çox aşağı olur. Belə olduğu halda məktəbə aşağı qiymətlə gələn yenidən yoxlanılmalıdır. Məsələn, əgər hansısa şagird liseyin təmayüllərinə uyğun olaraq hansısa fənlərdən “3” qiyməti ilə gəlirsə, təbii ki, müəyyən narazılıq yaranır. Belə olan halda valideynlərə təklif olunur ki, uşaq müəyyən yoxlamadan keçsin və onun nəticəsindən asılı olaraq məktəbə qəbul olunsun. Şagirdlərin nəticələri yüksək olduqda isə onlar rahat şəkildə istədikləri məktəbə qəbul olur. Çünki hər bir məktəb, lisey və gimnaziyalar yaxşı oxuyan uşaqların gəlməsinin marağındadır”.

Nazirlik rəsmisi vurğulayıb ki, bu proses yaya düşdüyü üçün şagirdlərin yerləşdirilməsi bir az gecikir. Bir sıra valideyn və uşaqların istirahətdə olduğunu deyən A.Əhmədov qeyd edib ki, yerli təhsil şöbələri bu işə qoşulub: “Hər təhsil şöbəsindən nümayəndə də ayrılıb ki, onlar türk liseylərində oturub vəziyyəti daim diqqət mərkəzində saxlayırlar. Burada bir problem yoxdur və dərs ili başlayana kimi həll olunacaq. Bakı ilə yanaşı, Mingəçevir, Quba, Şirvanda, yəni türk liseylərinin fəaliyyət göstərdiyi bölgələrdə çox yaxşı məktəblər var. Liseylər bağlansa da, uşaq təhsilini davam etdirməlidir. Yaxşı liseylərimiz, gimnaziyalarımız, ümumtəhsil məktəblərimiz də var ki, onlar heç də türk liseyləinrdən geridə qalmırlar. Ona görə də şagirdlərin istədikləri yerə qəbulu aparılır. Bu vaxta kimi heç bir narazılıq olmayıb. Bütün məktəblərimiz yaxşı oxuyan uşaqların marağındadırlar. Arzu edirlər ki, uşaqların ən yaxşıları onlarda təhsil alsınlar”.

Liseylərdə çalışan müəllimlərin yerləşdirilməsinə gəlincə, nazirlik rəsmisi qeyd edib ki, bu məsələyə növbəti etapda baxılacaq. Onun sözlərinə görə, müəllimlərin ən yaxşılarının yaşadığı yerə yaxın məktəblərdə işlə təmin olunması məsələsi ardıcıllıqla həll olunacaq: “Türk liseylərində yaxşı, savadlı müəllimlər işləyirlər. Onların işlə təminatı müəyyən qaydada iş təcrübəsi nəzərə alınaraq həll ediləcək. Bir sözlə, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin liseylərinin bağlanması ilə bağlı ortaya çıxan problemlərin hamısı diqqət mərkəzindədir”.
Şərhlər
Sosial bölməsinin xəbərləri