Qurban Qurbanov: “Həm Bakıda, həm də bu oyunda düşünmədiyimiz dəyişikliklər oldu”

“Yaxşı hazırlaşsaq da, düşündüyümüz kimi oynaya bilmədik. Bəzi futbolçulardan narazı qaldım”. Apa-nın xəbərinə görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
 
Ağdam təmsilçisi az öncə Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Zalsburqda eyni adlı komanda ilə qarşılaşdı. Bir həftə öncə Bakıda qələbə qazanan (2:1) “Qarabağ” bu dəfə 0:2 hesabı ilə uduzmaqla, Çempionlar Liqasında mübarizəni dayandırdı.
 
Görüşdən sonra təşkil olunan mətbuat konfransında Qurbanov məğlubiyyətə belə şərh verib: “Rəqib də güclü komandadır. Artıq bu oyunu unutmalıyıq. Bizi Avropa Liqasında mübarizə gözləyir və bu barədə düşünməliyik. Qırmızı və sarı vərəqələr almağımız bəlkə də futbolçuların istəyindən irəli gəlib. Maksim qaçdığı yerdə zədə aldı. Bunu hardasa bəxtsizlik saymaq olar. Hər halda, futbolçular da özlərini qorumalıdı”.
 
Baş hakimə etdiyi etirazla bağlı danışan Qurbanov şotlandiyalı referinin idarəçiliyinə də qiymət verib: “Hakim haqda nə desək, hansısa faydası, xeyri yoxdur. Bəzi epizodlarda ola bilər ki, məşqçi onu düz görməsin. Amma elə epizodlar da oldu ki, rəqib bizim futbolçuları əllə saxlasa da, hakimin fiti susdu. Ümumiyyətlə, həm Bakıda, həm də bu oyunda düşünmədiyimiz dəyişikliklər oldu. Düzdü, hansısa komanda bir futbolçudan ibarət deyil. Bununla belə, Reynaldonun yoxluğu, İlqar Qurbanovla Maksim Medvedevin zədələnməsi planlarımızı dəyişdi. Reynaldo indi çox yaxşı formada idi. Bu gün isə ön xətdə bir qədər “dişsiz” qaldıq”.
 
Heyətdə zədəli futbolçuların çox olduğunu deyən Qurbanov bildirib ki, Topaz Premyer Liqasının ilk turunda “Sumqayıt”la matçın təxirə salınıb-salınmayacağı Bakıya qayıtdıqdan sonra bəlli olacaq: “Amma çox güman həmin qarşılaşma baş tutacaq”.
Şərhlər
İdman bölməsinin xəbərləri