İlham Əliyev Xətai “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib

Mayın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Xətai "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib.

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlətimizin başçısına məlumat verdi ki, bu mərkəz Bakının Xətai, Nizami və Suraxanı rayonlarının əhalisinə xidmət göstərəcəkdir. Qeyd edildi ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi fəaliyyətə başladığı dövrdən indiyədək ümumilikdə 100 minədək insana xidmət göstərmişdir.

Mərkəzdə yaradılmış şəraitlə tanış olan Azərbaycan Prezidentinə Elektron Məlumat Mərkəzi, Biometrik Məlumatların Toplanması Sistemi və "Asankart" barədə məlumat verildi.

Dövlətimizin başçısına bildirildi ki, vətəndaşlara könüllülük prinsipi əsasında xidmət göstərmək üçün seçilmiş gənclər təlimlərə cəlb olunmuşlar.

Prezident İlham Əliyev könüllülərlə görüşdü.

Sonra xatirə şəkli çəkdirildi.
Şərhlər
Siyasət bölməsinin xəbərləri