Riçard Morninqstar: Azərbaycan və Türkmənistan öz sularında "Transxəzər qaz kəməri"nin çəkilməsi hüququna malikdirlər

Riçard Morninqstar: Azərbaycan və Türkmənistan öz sularında "Transxəzər qaz kəməri"nin çəkilməsi hüququna malikdirlər Azərbaycan və Türkmənistan öz sularında "Transxəzər qaz kəməri"nin çəkilməsi hüququna malikdirlər. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar "Azərbaycanda enerji və dəniz hüququ: Milli və beynəlxalq perspektivlər" mövzusunda keçirilən konfransda deyib.

Səfir bildirib ki, Azərbaycanla Türkmənistan dəniz sərhədlərini müəyyənləşdirməlidirlər. Onun sözlərinə görə, ABŞ-ın mövqeyi ondan ibarətdir ki, iki ölkə arasında razılıq əldə olunarsa, bu kimi boru kəmərlərinin çəkilməsində heç bir maneə olmayacaq. Amma hər bir ölkə bu işdə irəliyə doğru atılacaq hər bir addımın siyasi nəticəsini özü üçün müəyyən etməlidir.

Morninqstar çıxışında qeyd edib ki, sərhədlərin haradan, necə keçirilməsinə aydın cavab yoxdur. Burada bir kompromis olmalıdır. Bu məsələnin Arbitiraj Məhkəməsində müzakirə edilməsinə dair təkliflər oldu. Amma bu heç kimi razı salmadı. Səfir hesab edir ki, o zaman hər iki tərəf öz aralarında razılığa gəlməlidir.

Səfirin fikrincə, əslinə qalsa, son 15-20 il ərzində Azərbaycanla Türkmənistan arasında bu kimi danışıqlar tam sistemləşdirilməmişdir. Onun sözlərinə görə, həm Azərbaycan, həm Türkmənistan boru kəmərlərinin çəkilməsi ilə bağlı irəliyə doğru addım atmaq istəyir. Çünki sonda bu boru kəməri Xəzərin dibi ilə hər iki ölkənin sektoru boyu tikiləcək.

Səfir bildirib ki, boru kəmərlərinin ətraf mühitə mənfi təsiri olmamalıdır: "Sahilboyu ölkələr bununla əlaqədar razılığa gəliblər. Bəzi ölkələr nədənsə, Xəzərdə istismardan danışılarkən, ətraf mühitin mühafizəsi məsələlərini ön plana çıxarmağa başlayırlar. Çox maraqlıdır".

Morninqstar bildirib ki, Xəzərdə "Şahdəniz" yatağının istismarına gəldikdə, əslinə qalarsa, bu yataqla bağlı sanksiyalar ola bilərdi: ""Şahdəniz"dən çıxarılan qaz qismən iranlılarındır. Çünki İran şirkətinin "Şahdəniz" neft yatağında 10 faizlik payı var və ABŞ-a görə, iranlılarla neft-qaz sahəsində əməkdaşlıq edən şirkətləri sanksiyalar gözləyə bilər. Bəs, ABŞ Konqresi nə dedi? Konqres kompromis çıxış yolunun təmin olunmasını məqsədəuyğun saydı".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri