Prezident İlham Əliyev Ərdoğanı Azərbaycana səfərə dəvət edib

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib. APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab baş nazir, əziz qardaşım. Türkiyənin tarixində ilk dəfə ümumxalq səsverməsi yolu ilə keçirilən prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Heç şübhə yoxdur ki, bu seçkilər qardaş Türkiyənin tarixində yeni mərhələnin başlanğıcı olacaq. Birbaşa səsvermənin nəticəsi xalqın Sizə olan böyük inam və etimadının aşkar təzahürü, qardaş Türkiyənin hərtərəfli inkişafı və çiçəklənməsi yolunda həyata keçirdiyiniz uğurlu siyasətə və əvəzsiz xidmətlərinizə verilən yüksək qiymətdir. Cəmiyyətin demokratik inkişafı yolunda tarixi hadisə olan, açıq, sərbəst və şəffaf şəraitdə keçirilən bu seçkilər, eyni zamanda, qardaş Türkiyə xalqının iradəsinin bariz ifadəsidir. Bu qələbəniz həmçinin Türkiyənin qələbəsidir. Məmnunluqla qeyd etmək istəyirəm ki, son on il ərzində Türkiyə hərtərəfli inkişaf nümayiş etdirərək beynəlxalq aləmdə güc mərkəzinə çevrilib. Azərbaycan və Türkiyə arasında əməkdaşlıq münasibətləri isə bu müddət ərzində möhtəşəm yol keçərək möhkəm dostluq və qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Uğurlu ikitərəfli və çoxtərəfli əməkdaşlığımız, birgə səylərimizlə həyata keçirdiyimiz nəhəng layihələr – Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yol xətti və yenicə başladığımız TANAP və digərləri ölkələrimizin, eləcə də regionun dünya miqyasında əhəmiyyətini artırır, bölgədə sülhə, əməkdaşlığa və inkişafa xidmət edir. Əminəm ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri bundan sonra da davam edəcək və inkişaf edəcək.

Əziz qardaşım, fürsətdən istifadə edərək Sizi münasib bildiyiniz vaxtda Azərbaycana səfərə dəvət edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyənin çiçəklənməsi, xalqınızın isə əmin-amanlığı və firavanlığı naminə ali dövlətçilik fəaliyyətinizdə uğurlar diləyirəm”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri