200 məcburi köçkün ailəsinin yeni mənzillərə köçürülməsinə başlanıb

Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində 500 məcburi köçkün ailəsi üçün məhəllə inşa olunur. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məhəllə Azərbaycan prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına və 2011-ci il 21 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş əlavələrin müvafiq bəndinə əsasən inşa edilir.

Həmin ərazidə ilkin mərhələdə 200 ailə üçün məhəllənin tikintisi başa çatdırılıb və Dövlət Komitəsi tərəfindən həmin məhəlləyə köçürülməsi nəzərdə tutulmuş məcburi köçkünlərin yeni mənzillərə köçürülməsinə başlanılıb. Ümumilikdə 10 hektar sahəni əhatə edən bu qəsəbənin ərazisində də, digər yerlərdə olduğu kimi, müasir standartlara tam cavab verən 220 yerlik məktəb binası da tikilib. Yeni yaşayış məhəlləsi elektrik, qaz, su və müasir istilik sistemi ilə tam təchiz edilib.

Qeyd edək ki, qaçqın və məcburi köçkünlər üçün indiyədək 2,6 milyon kvadrat metr yaşayış sahəsindən, 42 min mənzildən ibarət 83 müasir qəsəbə salınıb, 42 min ailə və ya 210 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri