Sabah havanın temperaturu Bakıda 39, rayonlarda 42 dərəcəyə yüksələcək

Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 33-39 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 25-26, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 26-27, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində 27-28 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 16-dan ikinci ongünlüyün sonunadək Bakı və Abşeron yarımadasında havanın yüksək temperatur rejimi fonunda zəif küləklərin üstünlüyü, əsasən səhər və axşam saatlarında havada rütubətliyin çox olması və yaranan durğun hava şəraiti güclü isti temperatur diskomfortuna səbəb ola bilər. Bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə xüsusilə əlverişsizdir.
Şərhlər
Sosial bölməsinin xəbərləri