Qəbələdə olimpiya atıcılıq növləri üzrə Beynəlxalq Qran-Pri yarışlarının açılış mərasimi olub

Avqustun 15-də Qəbələ rayonunda Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə Beynəlxalq Qran-Pri yarışlarının rəsmi açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində keçirilən tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov, “Qəbələ” İdman Klubunun vitse-prezidenti Elvin İsmayılov çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə qazanılan uğurlardan, Heydər Əliyevin xatirəsinə həsr edilən atıcılıq üzrə beynəlxalq yarışın əhəmiyyətindən danşıblar. “Ümumi mükafat fondu 81 000 ABŞ dolları olan bu yarışa biz səmərəli şəkildə hazırlaşmışıq, ümüdvarıq ki, sərf etdiyimiz əmək öz bəhrəsini göstərəcək və biz bu yarışda ölkəmizi layiqincə təmsil edəcəyik”, deyə “Qəbələ” İdman Klubunun vitse-prezidenti Elvin İsmayılov qeyd edib.

Tədbirdə qeyd edilib ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçirilən bu yarış Avropa və Dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır və ölkəmizdə atıcılıq idman növü üzrə təşkil edilən ilk beynəlxalq turnirdir.

“Qəbələ” atıcılıq klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə keçirilən Beynəlxalq Qran-Pri yarışları avqustun 14-dən 21-dək keçiriləcək. Yarışda Azərbaycan, Avstraliya, Böyük Britaniya, Belarus, Finlandiya, Gürcüstan, Hindistan, İran, İtaliya, Küveyt, Qazaxıstan, Qətər, Rusiya və Özbəkistan idmançıları iştirak edir.

Olimpiya çempionu Zemfira Meftahəddinova, “Qəbələ” İdman Klubunun vitse-prezidenti, dəfələrlə Azərbaycan çempionu olan Elvin İsmayılov, Azərbaycan Atıcılıq Federasiyasının İcraiyyə Komitəsinin üzvü, "Qəbələ" Atıcılıq Klubunun texniki meneceri, dəfələrlə Azərbaycan çempionu olan Emin Cəfərov, dünya kubokunun finalçısı, Azərbaycan rekordçusu, “Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Nurlana Cəfərova, eləcə də tanınmış güllə atıcıları Xanhüseyn Bağırov, Elçin Babayev və Paşa Əhədpur və başqaları ölkəmizi bu yarışda təmsil edəcəklər. Ümumilikdə 150–yə yaxın idmançı dairəvi və səngər stend olimpiya atıcılıq növləri üzrə mübarizə aparacaqlar. Yarışlara ayın 16-da start veriləcək.

Çıxışdan sonra Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunub. Sonda atəşfəşanlıq olub.
Şərhlər
İdman bölməsinin xəbərləri