Azərbaycan və Türkiyə müdafiə nazirləri regiondakı prosesləri müzakirə ediblər

Azərbaycan və Türkiyə müdafiə nazirləri regiondakı prosesləri müzakirə ediblər Avqustun 18-də Türkiyə Respublikasının Milli Müdafiə naziri İsmət Yılmaz Azərbaycana rəsmi səfərə gəlib.

Trend-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qonağı Naxçıvan beynəlxalq hava limanında Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşılayıb.

Sonra İ.Yılmazın rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında rəsmi qarşılanma mərəsimi keçirilib. Hər iki ölkənin dövlət bayrağının dalğalandığı meydanda Türkiyə Milli Müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və ölkələrimiz üçün faydalı olduğunu qeyd edib.

Qonaq Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin rolu və əhəmiyyətindən danışıb.

Daha sonra regional və qarşılıqlı əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşkun iştirak edib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri