Azərbaycanda kəskin istilərlə əlaqədar açıq hava şəraitində işlərin dayandırılması tapşırığı verildi

Bu gün ölkədə havanın temperaturunun +41 dərəcə selsidən yuxarı olduğu nəzərə alınaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən idarə, müəssisə və təşkilatlarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə açıq hava şəraitində işlərin saat 17:00-dək dayandırılması barədə aidiyyəti işəgötürənlərə göstəriş verilib. Bu barədə Trend-ə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Dövlət Əmək Müfəttişliyi Xidməti bildirir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, bütün işəgötürənlər, mülkiyyət formasından asılı olmayaraq, acıq havada və soyuducu qurğuları olmayan, örtülü yerlərdə bütün növ işləri dayandırmalı və yaxud işcilərin sərinləməsi ücün fasilələr verməlidirlər. Fasilənin sayı və müddəti işəgötürənlə Həmkarlar İttifaqının birgə qərarı əsasında müəyyən olunur. Verilmiş bütün fasilələr iş vaxtına daxil edilir və aylıq tarif maaşına hesablanır.

Əmək Məcəlləsindən irəli gələn müvafiq tələblərin yerinə yetirilməməsinə görə işəgötürənlər İnzibati Xətalar Məcəlləsi (İXM) ilə məsuliyyətə cəlb edilirlər. İXM-in 54-cü maddəsinə əsasən, işçilərin əməyinin mühafizəsi qaydalarının pozulmasına görə işəgötürənlərin 1000 manatdan 2000 manata qədər cərimə olunması nəzərdə tutulur.

Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən hazırda ölkəmizin bütün regionları, xüsusən aran zonaları üzrə bu sahədə vəziyyətə dövlət nəzarətini təmin etmək üçün işçi qrupları yaradılıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri