Azərbaycan Parlamenti ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi məsələsini müzakirə edə bilər

Azərbaycan Parlamenti ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi məsələsini müzakirə edə bilər Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclasında 31 May - Ümumdünya Tütünlə Mübarizə Günü ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında qanun layihəsinin Parlamentin müzakirəsinə çıxarılmasını təklif edib.

Trend-in məlumatına görə, millət vəkili Qənirə Paşayeva bildirib ki, qarşıdan 31 May - Ümumdünya Tütünlə Mübarizə Günü gəlir: "Çox vacibdir ki, ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında qanun layihəsi 31 mayda Parlamentin müzakirəsinə çıxarılsın. Biz bununla bağlı beynəlxalq konvensiyalara da qoşulmuşuq və bu qanunun artıq müzakirəyə çıxarılması və qəbul edilməsi vacibdir. Bu müzakirəni başlamaq 31 May- Ümumdünya Tütünlə Mübarizə Gününə edə biləcəyimiz ən yaxşı töhfə ola bilərdi."

Q.Paşayevanın sözlərinə görə, Azərbaycanda "İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında" qanunun qəbul edilməsinə ehtiyac var: "Parlamentin Sosial siyasət komissiyası tərəfindən "İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında" qanun hazırlanıb. Bu cür qanunun qəbul edilməsinə ehtiyac var. Dünyanın əksər ölkələrində əhalinin siqaret çəkməyən hissəsini bu cür mənfi təsirdən qorumaq məqsədi ilə ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanunlar qəbul edilir. Bununla bağlı bizim artıq hazır qanun layihəmiz var və onu 31 May- Ümumdünya Tütünlə Mübarizə Günündə müzakirəyə çıxarmaq çox yaxşı olardı".
Şərhlər
Sosial bölməsinin xəbərləri