Rusiyanın ərzaq təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın xüsusi rolu var - Roqozin

Rusiyanın ərzaq təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın xüsusi rolu var - Roqozin Avqustun 20-də Rusiya Federasiyasının Baş nazirinin müavini Dmitriy Roqozinin dəvəti ilə Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya səfər edib.

Trend-in məlumatına görə, səfər çərçivəsində geniş tərkibdə görüş keçirilib.

Görüşdə həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Heydər Əsədov və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak etmişdirlər.

Rusiya tərəfindən isə Rusiya Federasiyasının Kənd Təsərrüfatı nazirinin birinci müavini İqor Manılov, Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirinin müavini Nikolay Podquzov, Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Anna Popova, Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin rəhbərinin müavini Aleksey Saurin, Rusiya Xarici İşlər nazirliyinin Dördüncü MDB ölkələri departamentinin rəisi Aleksey Pavlovskiy və digər rəsmi şəxslər iştirak etmişdirlər.

Görüş zamanı Rusiya Federasiyasının Baş nazirinin müavini Dmitriy Roqozin Azərbaycan nümayəndə heyətini salamlamış və onun dəvətini qəbul edərək Moskva şəhərinə səfər etdiklərinə görə minnətdarlığını bildirmişdir. O, ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, görüşün cari ilin avqust ayının əvvəlində Azərbaycan və Rusiya Prezidentlərinin Soçi şəhərində keçirilmiş görüşündə əldə olunan razılığın davamı olaraq keçirildiyini diqqətə çatdırmışdır. Dmitriy Roqozin Rusiyanın ərzaq təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın xüsusi rolunu vurğulamışdır.
Azərbaycan Respublikasının Baş nazirin birinci müavini Yaqub Eyyubov dəvətə görə qarşı tərəfə təşəkkürünü bildirmiş və sözügedən səfərin iki ölkə Prezidentlərinin tapşırığına əsasən baş tutduğunu qeyd etmişdir. Yaqub Eyyubov səfərin ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyinə əminliyini vurğulamışdır.

Dmitriy Roqozin Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının növbəti iclasının cari ilin sentyabr ayının ortalarında Bakıda keçirilməsini təklif etmişdir.

Eyni zamanda görüşdə Rusiya Federasiyasının Kənd Təsərrüfatı nazirinin birinci müavini İqor Manılov və bu ölkənin İqtisadi İnkişaf nazirinin müavini Nikolay Podquzov çıxış etmişdirlər.

Azərbaycanın Rusiya ilə uzunmüddətli və daimi əsasda əməkdaşlıqda maraqlı olduğunu deyən İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev, ölkəmizin Rusiyanın regionları ilə əməkdaşlığını qeyd etmişdir. Eyni zamanda o, Azərbaycanın bütün standartlara cavab verən müasir logistik mərkəzlərin yaradılmasında müsbət təcrübəsinin olduğunu söyləmişdir. Şahin Mustafayev cari ilin altı ayında Azərbaycandan Rusiyaya gətirilən kənd təsərrüfatı məhsullarının həcminin iki dəfə artdığını vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
Şərhlər
Siyasət bölməsinin xəbərləri