Türkiyə Superkubokunun Qalatasaray - Fənərbahça oyunu Bakıda keçirilməsi haqda

Türkiyə Superkubokunun Qalatasaray - Fənərbahça oyunu Bakıda keçirilməsi haqda “Türkiyə Superkubokunun Azərbaycanda keçirilməsi bizim arzumuzdur. Bakıda sevə-sevə oynayarıq. Ancaq bununla bağlı qərarı federasiya verməlidir”.


Live.az APA-ya istinadən verdiyi məlumata görə, bu fikirləri “Qalatasaray”ın baş direktoru, Türkiyə Futbol Federasiyasının (TFF) sabiq baş katibi Lütfi Arıboğan deyib.



2005-2012-ci illərdə TFF-nin rəhbər şəxslərindən olan Arıboğan ötən ilin iyulundan “Qalatasaray” klubunun baş direktoru vəzifəsində çalışır.



Türkiyə mətbuatı ardıcıl ikinci dəfə ölkə çempionluğunu qazanan “Qalatasaray”la kubokun qalibi “Fənərbaxça” arasında Superkubok matçının avqustun 11-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyini yazıb. Əslində, son illərdə hər yay Türkiyə Superkubokunun mərkəzi arenamızda keçiriləcəyi deyilsə də, sonda gerçəkləşmir.



Arıboğan əvvəlki illərdə matçın ölkəmizdə baş tutmamağına belə aydınlıq gətirib: “Baş katib olduğum zaman Superkubok oyunlarını Almaniyada keçirdik. Çünki Almaniyada xeyli türkiyəlinin yaşadığını nəzərə aldıq. Son 2 ildə isə Azərbaycan variantı üzərində dayandıq. Amma stadionla bağlı problemə görə alınmadı. Yadımdadır, meydançanızın qazonu yaxşı vəziyyətlə deyildi. Hətta biz qazonun düzəlməyini gözləyib, sonra oyun keçirməyə hazır idik. Ancaq buna vaxt çatmadı”.



Arıboğan bildirib ki, ötən ilin sentyabrından istifadəyə verilən “Tofiq Bəhramov”un hazırda daha yaxşı vəziyyətdə olmağından xəbəri var: “Bildiyimə görə, indi stadionunuzda təmir, qazonla bağlı problem yoxdur. Biz də belə bir gözəl arenada oynamaq istərdik. Yaxında Bakıda “Qalatasaray”ın mağazası, futbol məktəbini açdıq. Yenidən paytaxtınıza gəlmək istərdik. Daha yaxşı olardı ki, bu, Superkubok matçı ilə bağlı olsun. Federasiya həmin oyunun Bakıda keçirilməyi ilə bağlı bizə bir şey deməyib. Əgər paytaxtınızda oynamaqla əlaqədar fikrimizi soruşsalar, buna müsbət cavab verərik. “Fənərbaxça”nın buna necə baxdığını ondan soruşmaq lazımdır. Ancaq məncə, rəqibimiz də Bakı variantına isti yanaşar”.



Xatırladaq ki, ötən yay “Tofiq Bəhramov”da yenidənqurma işləri aparılırdı.
Şərhlər
İdman bölməsinin xəbərləri