Spiker Oqtay Əsədov iki deputata xəbərdarlıq edib

Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov iki deputata xəbərdarlıq edib.



APA-nın məlumatına görə, cari məsələlərin müzakirəsi zamanı çıxış edən deputat İqbal Ağazadə yeni təhsil nazirini tənqid edib.



O, yeni təhsil nazirinin fəaliyyətindən narazılıq edərək, onun qəbul etdiyi qərarların düzgün olmadığını bildirib: “Azərbaycanda prioritet universitetlər elan olunub. Qəribəsi odur ki, ABŞ-ın 84 universitetindən cəmi 3-ü, Belarus və Ukraynanın isə 50 universiteti prioritet sayılıb. Bu nə deməkdir? Mən başa düşmürəm biz SSRİ-ni geri qaytarırıq? Bu nə yanaşmadır, başa düşmürəm”.



Çıxış edən deputat Zahid Oruc da təhsildən danışaraq deyib ki, yeni nazirin fəaliyyəti təhsildə yeni keyfiyyətlər ortaya çıxaracaq: “Ümid edək ki, mayın 25-də keçiriləcək “Son zəng” təhsildə indiyə qədər olduğundan fərqli olaraq, yeni keyfiyyətlərin əsasını qoyacaq”.



Deputatlara cavab verən spiker Oqtay Əsədov deyib ki, yeni nazir cəmi üç aydır fəaliyyətə başlayıb. O, millət vəkilləri Zahid Oruc və İqbal Ağazadəni başqalarının arxasınca danışmamağa çağırıb: “Heç kim oturduğu yerdə axıra kimi qalmır. İndi Mikayıl Cabbarov yeni təyin olunub, uğurlar olsun. Siz də başlamısınız indiyə qədər təhsil, Misir müəllim buradan gəldi, oradan getdi… Qurtarın bu məsələləri. Qurtarın kiminsə arxasınca danışmağı!”
Şərhlər
Siyasət bölməsinin xəbərləri