Bakı Metropoliteni: Stansiyaların daxilində zibil qutularının olması təhlükəlidir

Bəzi oxucular Trend-ə müraciət edərək Bakı metrosunun stansiyalarında zibil qutularının olmamasından narazılıq edirlər. Onlar qeyd edirlər ki, stansiyaların içində zibil qutularının olmaması bəzən onlar üçün narahatlıq yaradır. Sərnişinlərin fikrincə, əgər zibil qutuları olsa, heç kim əlindəki zibili perrona və ya relslərin arasına atmaz.
Oxuculardan bir yazır: "İndi yaydır. Havalar çox istidir, hamımız susuz oluruq. Bir neçə dəfə əlimdə butulka ilə su içə-içə metroya girmişəm. Bəzən stansiyada olanda butulka boşalıb. Lakin onu atmağa yer tapa bilməmişəm. Əvvəllər bir neçə dəfə boş butulkanı özümlə daşımalı olurdum, indi platformada kənarda bir yerə qoyub qatara minirəm".
Məsələ ilə bağlı Trend-in rəsmi sorğusunu cavablandıran "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib ki, qanunvericiliyə əsasən metrostansiyaları zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb edilir və müvafiq qaydada cərimə olunurlar: "Bundan əlavə, artıq, demək olar, hamının şüuraltında belə bir fikir formalaşıb ki, metroda siqaret çəkmək, oranı zibilləmək olmaz: "Bu bizim hamımızın ümumi evidir. Metrodan bizim yaxın qohumlarımız, dostlarımız da istifadə edir. Onlar üçün narahatlıq yaratmaq nə dərəcədə düzgündür? Bizim bütün stansiyaların çıxışında zibil qutuları var. Kim istəsə, metrodan çıxan kimi əlindəki zibili həmin qutulara ata bilər".
Şöbə rəisi bəyan edib ki, metrostansiyaların daxilində ümumiyyətlə zibil qutularının qoyulması planlaşdırılmır: "Metro həm spesifik və strateji nəqliyyat, həm də mülki müdafiə obyeki olduğundan burada təhlükəsizlik baxımından zibil qutularının olması məqsədəuyğun deyil. Ümumən mütəxəssislər hesab edirlər ki, metroda zibil qutularının olması təhlükəlidir. Məsələn, qutulara zibil adı ilə təhlükə mənbəyi olan başqa şeylər ata və ya qutuları yandıra bilərlər. Artıq təcrübədən də bilirik ki, Bakıda təxribat yaratmaq istəyənlər çox zaman bunu ilk növbədə metroda etməyə cəhd göstərirlər. Bakı metrosunda bir neçə il əvvəl terror aktlarının törədilməsi həmin acı təcrübələrimizdən biridir. Ona görə də elə təkcə bunlardan ibrət dərsi götürməyə dəyər".
Şərhlər
Sosial bölməsinin xəbərləri