Prezident İlham Əliyev Bakıda növbəti yol qovşağının açılışında iştirak edib
- 01.09.2014, 16:04,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Ziya Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində (“Xutor dairəsi”) inşa olunan müxtəlif səviyyəli yol qovşağının açılışında iştirak edib.
APA-nın xəbərinə görə, bu qovşağın inşası Bakıda tıxac probleminin aradan qaldırmasına və əhalinin rahatlığının təmin edilməsinə mühüm töhfə verəcək.
Nəqliyyat naziri Ziya Məmmədov görülən işlər barədə dövlət başçısına məlumat verib.
Qeyd edilib ki, qovşaqda üç tunel, bir körpü, iki piyada keçidi inşa olunub. Buradakı tunellərin uzunluğu 880, 827, 450 metr, ikisinin eni 10,5, birinin eni isə 22 metr təşkil edir. Qovşaqda müasir səviyyədə inşa edilən körpünün uzunluğu 630 metr, eni isə 12 metrdir.
Prezident İlham Əliyev qovşağın rəmzi açılışını bildirən lenti kəsib.
Bu qovşağın istifadəyə verilməsi ilə Ziya Bünyadov prospektindən hərəkət edən avtomobillər tunellərdən 20 Yanvar dairəsi və Qələbə meydanı istiqamətinə maneəsiz hərəkət edə biləcək. Bundan başqa, qovşaq 20 Yanvar dairəsi və Qələbə meydanından gələn nəqliyyat vasitələrinin əks istiqamətə - Ziya Bünyadov prospektinə çıxışını təmin edir. Bu nəqliyyat layihəsinin icrası nəticəsində Ziya Bünyadov prospektindən hərəkət edən avtomobillərin şimal bölgəsinə və əks istiqamətə gedən magistrallara rahat çıxışı da təmin olunur. Qovşaqdakı körpüdən isə avtomobillər Əbdülvahab Salamzadə küçəsindən Rəşid Məmmədov küçəsinə və əks istiqamətə rahat hərəkət edə bilir. Bu isə öz növbəsində Qələbə meydanından mikrorayonla və əks istiqamətə maneəsiz hərəkətin təmin edilməsinə imkan yaradır. Burada əvvəllər yol dar olduğundan böyük tıxaclar yaranırdı və nəticədə nəqliyyatın hərəkəti iflic olurdu. Qovşağın istifadəyə verilməsi isə problemi həll etməklə yanaşı, paytaxtda nəqliyyat infrastrukturu ilə bağlı həyata keçirilən layihələrin miqyasını göstərir.
Layihəyə əsasən qovşaqda yan və tunelüstü yollar da inşa olunub. Bundan başqa, tunelüstü yollarda ətrafda yaşayan sakinlərin istirahəti üçün guşələr yaradılıb, yaşıllıq salınıb və uşaq attraksionları qoyulub. Həyata keçirilən tikinti işləri çərçivəsində yaxınlıqda yaşayan sürücülərin avtomobillərini saxlaması üçün dayanacaq da yaradılıb. İnşaat işləri zamanı bütün kommunikasiya sistemləri, o cümlədən su, istilik, qaz, rabitə və yağıntı sularını axıdan xətlər dəyişdirilib.
Beləliklə, müasir tələblər səviyyəsində inşa olunan bu nəhəng yol qurğusunun tikintisi nəqliyyatın sıxlığının aradan qaldırılması istiqamətində paytaxtda aparılan mühüm işlərin davamlı xarakter aldığını bir daha təsdiq edir. Bu cür layihələrin uğurla icra olunması bir daha sübut edir ki, ölkədə aparılan sosial yönümlü tədbirlərdə başlıca məqsəd əhalinin rahatlığını təmin etməkdir.