Rəcəb Tayyib Ərdoğan: “Azərbaycan və Ermənistan arasındakı problem həll olunsa, Türkiyə ilə Ermənistan arasındakı problem də həllini tapacaq”

Rəcəb Tayyib Ərdoğan: “Azərbaycan və Ermənistan arasındakı problem həll olunsa, Türkiyə ilə Ermənistan arasındakı problem də həllini tapacaq” Bakıda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında keçirilən təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş başlayıb.

APA-nın məlumatına görə, R. T. Ərdoğanı prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edən Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Türkiyə prezidentinin ilk rəsmi səfərini Azərbaycana etməsi ölkələr arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir. Dövlət başçısı qeyd edib ki, görüşdə ikitərəfli və beynəlxalq məsələlər müzakirə olunub. O, bütün məsələlərdə tərəflərin mövqeyinin üst-üstə düşdüyünü vurğulayıb.

R. T. Ərdoğan isə bəyan edib ki, Türkiyə və Azərbaycan rəhbərləri arasında qarşılıqlı ilk rəsmi səfərlər artıq ənənəyə çevrilib və bu da münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Onun sözlərinə görə, görüşdə bir çox məsələlər müzakirə olunub: “Türkiyə-Azərbaycan münasibətləri bundan sonra çox fərqli formada inkişaf edəcək. Hazırda bölgədəki problemlər iki ölkənin müştərək çözəcəyi problemlərdir. Əgər Azərbaycanla Ermənistan arasında problem həll olunsa, Türkiyə və Ermənistan arasındakı problem də həllini tapacaq. Əks halda, Türkiyə və Ermənistan arasındakı durum indiki kimi davam edəcək. Münasibətlərimizin inkişafı yönündə səylər eyni qətiyyətlə davam etdiriləcək”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri