Prezident Administrasiyası rəhbərinin müavini: “Çoxları istəməz ki, Azərbaycan kimi zəngin bir dövlət belə rahat yaşasın”
- 06.09.2014, 01:36,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Necə olur ki, Azərbaycanda bir nəfərin hüququ pozulduğunu iddia edib hay-küy salırlar, ancaq 1 milyon Azərbaycan vətəndaşının fundamental hüquqları neçə illərdir ki, pozulur, bununla bağlı heç kim heç nə demir”.
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov söyləyib.
Bu gün beynəlxalq aləmdə vəziyyətin çox mürəkkəb olduğunu bildirən N.Məmmədov deyib ki, bunun əsas səbəbi beynəlxalq aləmdə gedən prosesləri tənzimləməli olan qüvvələrin ədalətsiz yanaşmasıdır: "Ədalətli mövqe olsaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan həllini tapardı. Əsas məqsədimiz beynəlxalq təşkilatların sənədlərində ərazi bütövlüyümüzün təsdiq olunması, əksini tapmasıdır. Bu günə qədər biz bütün müqavimətləri dəf edərək, beynəlxalq təşkilatların sənədlərində ərazi bütövlüyümüzün təsdiq olunması, əksini tapması istiqamətində addım atırıq. Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda verdiyi bəyanatın də məğzi bu idi ki, müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələ qalxarsa, bu istiqamətdə öz dəstəyini verəcək. Türkiyə NATO çərçivəsində də Azərbaycanın ərazi bütövlüyümüzün təsdiq olunması, əksini tapması ilə bağlı dəstəyini ortaya qoyur. NATO-nun Çikaqo sammitində də, son sammitdə də Azərbaycan və Türkiyə birlikdə hərəkət edib, səylərimizi birləşdirmişik. Bu da uğurlar gətirir və NATO-nun qəbul etdiyi son sənəddə Azərbaycanın ərazi bütövlüyü əksini tapdı. Ancaq bu, asan deyil. Bu gün Ukraynada mövcud vəziyyət ona görə yaranıb ki, ilk vaxtlardan müəyyən münaqişələrə ədalətli mövqe nümayiş etdirilməyib, bu münaqişələr həll olunmayıb. Bu münaqişələrdən birincisi də Dağlıq Qarabağ münaqişəsi idi”.
N.Məmmədov bu gün Yaxın Şərqdəki bir sıra dövlətlərdəki vəziyyətə diqqət yetirməyi zəruri sayıb: “Obyektiv yanaşılsa, görünər ki, bu gün Azərbaycan müsbət mənada nə qədər fərqli durumdadır. 25 ilə yaxındır ki, müharibə şəraitində yaşaya-yaşaya sabitlik qorunub, güclü inkişafa nail olunub. Bu da çox böyük səylər nəticəsində mümkün olub. Çoxları Azərbaycanın bu uğurlarını istəmir. Çoxları istəməz ki, Azərbaycan kimi zəngin bir dövlət belə rahat yaşasın. Buna nail olmaq da asan deyil”.