Barrozu: Aİ Ermənistanın qərarına hörmət edir, lakin təəssüflənir

Avropa İttifaqı Ermənistanın Aİ ilə assosiasiya barədə sazişi imzalamaqdan imtina etmək qərarına hörmətlə yanaşır, lakin bundan təəssüf edir.

APA-nın NEWS.am-a istinadən verdiyi xəbərə görə, bu barədə sentyabrın 12-də Kiyevdə Avropa Komissiyasının sədri Joze Barrozu bildirib.

Barrozu “Şərq Tərəfdaşlığı” siyasətinə toxunaraq qeyd edib ki, bu siyasət açıq və şəffafdır. “Biz siyasətimizi heç vaxt kiməsə qarşı yönəltməmişik. Biz heç vaxt istisna münasibətlərə meyl göstərməmişik. Əksinə, biz həmişə şərq tərəfdaşlarımızı qonşuları ilə yaxşı münasibət saxlamağa sövq etmişik”, deyə o qeyd edib.

Avropa Komissiyasının sədri Ermənistanla bağlı məsələyə toxunaraq, bildirib: “Bu ölkə Aİ ilə assosiasiya barədə saziş üzrə danışıqlar aparmışdı, hətta saziş paraflanmışdı da, lakin güclü təzyiq altına düşərək son anda sazişi imzalamaqdan imtina etdi. Biz bu qərarı tənqid edirikmi? Ticarətə son qoyuruqmu? Təbii ki, yox. Biz Ermənistanın qərarına hörmətlə yanaşırıq, lakin eyni zamanda bundan təəssüf edirik”, deyə o bildirib.
Şərhlər
Dünya bölməsinin xəbərləri