Qətərdə DÇ-2022-nin qışa keçirilməsi bu həftə müzakirə olunacaq

FIFA-nın İcraiyyə Komitəsi Qətərdə keçirilməsi planlaşdırılan futbol üzrə 2022-ci il dünya çempionatının qışda təşkil edilməsi imkanını müzakirə edəcək. Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir.

Qeyd olunur ki, bu məsələ sentyabrın 25-26-da Komitənin Sürixdə keçiriləcək iclasında əsas müzakirə mövzusu olacaq.

Dünya futbolunun rəhbər strukturlarının nümayəndələri 2018-ci ildən 2022-ci ilədək olan dövrdə komandaların seçmə oyunlarının cədvəlinin əvəz edilməsi strategiyasını da hazırlamaq niyyətindədirlər.

Qeyd edək ki, sentyabrın əvvəlində UEFA 2022-ci il dünya çempionatının yaydan ilin başqa fəslinə keçirilməsi əleyhinə çıxış etmişdi.

UEFA-nın bəyanatında deyilir ki, mundialı qəbul edən tərəf isti hava şəraiti ilə mübarizədə bütün zəruri tədbirləri həyata keçirəcəyini vəd edib. Öz növbəsində isə DÇ-2022-nin Təşkilat komitəsi dəfələrlə turniri ilin istənilən vaxtına keçirməyə hazır olduğunu qeyd edib.

Qətərdə dünya çempionatının qış fəslinə keçirilməsi barədə təkliflər 2010-cu ilin dekabrında ölkənin yarışın ev sahibi seçilməsindən dərhal sonra səsləndirilib.
Şərhlər
İdman bölməsinin xəbərləri